MƏDƏNİYYƏT
İvonna Kezbere: Turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün münbit şərait var
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan ilə Latviya arasında yüksək səviyyəli siyasi, iqtisadi əlaqələr mövcuddur. Ölkələrimiz arasında turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün münbit şərait var. Parlament, eləcə də yerli idarəetmə orqanları arasında əlaqələrin yaradılması turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə imkan yaradır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Latviyanın “Spare” turizm agentliyinin təsisçisi İvonna Kezbere deyib.
İldən-ilə ölkəmizdən Latviyaya gedən turistlərin sayının artdığını deyən İ.Kezbere rəhbəri olduğu qurumun Azərbaycanın turizm sahəsində çalışan agentliklərlə əməkdaşlığın yeni məcrada inkişaf etdirilməsinə hazır olduğunu diqqətə çatdırıb. İ.Kezbere turizm, tibb, təhsil sahələrində əlaqələrin genişləndirilməsinin önəmini qeyd edib: “İki ölkə arasında əlaqələrin inkişafına töhfə vermək məqsədilə hər il turizm şirkətlərinin nümayəndələri üçün infotur təşkil edirik. Gələcəkdə Bakı-Riqa-Bakı reysi üzrə birbaşa uçuşların il boyu davam etdirilməsini istərdik”.
İ.Kezbere Latviyanın müasir klinikalarından danışaraq bildirib ki, bu klinikalarda ən müasir texnologiyalar tətbiq edilir, sonsuzluğun, venaların, onurğa və onkoloji xəstəliklərin maksimum səmərəli müalicəsi, gözün protezləşdirilməsi təklif olunur. “Baltik dənizi sahillərində yerləşən Latviya Avropanın ən “yaşıl” ölkələrindən biridir. Rusiyadan, Skandinaviya və Qərbi Avropa ölkələrindən minlərlə adam sağlamlıq durumunu yaxşılaşdırmaq və gözəlliyinin qayğısına qalmaq üçün hər il Latviyaya gəlir. Biz Azərbaycandan olan xəstələrə fərdi yanaşma təklif edirik. Təkcə 2014-cü ildə Latviyanın 13 klinikasında xarici ölkələrdən, o cümlədən Azərbaycandan xəstələr müalicə olunub”.
Azərbaycanda səfərdə olan Latviyanın “Spare” turizm agentliyinin təsisçisi İvonna Kezbere ölkəmizdə gördüyü hərtərəfli inkişafı yüksək dəyərləndirib.