İQTİSADİYYAT
İxracatçılar Kölndə keçiriləcək “ANUGA” sərgisinə dəvət olunurlar
Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi gələn il oktyabrın 7-dən 11-dək Almaniyanın Köln şəhərində keçiriləcək “ANUGA” beynəlxalq ərzaq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vahid ölkə stendində maksimum 30 şirkət iştirak edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO). Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər prospekti 32, Bakı, AZ1000. Elektron poçt ünvanı: [email protected]. Əlaqə telefonu: +99412 5980147/48.
Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında gələn il iyulun 4-də AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı 10 bal, nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı 10 bal, sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) 5 bal. Meyarların cəmi üzrə keçid balı minimum 20 baldır.
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya ərizə, nümayiş olunacaq məhsulların siyahısı, sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar verilməlidir. Sənədlər iyunun 12-dək təqdim olunmalıdır.