DÜNYA
İxracatçılar Rusiyadan buğda alınmasını dayandırırlar
Bakı, 19 dekabr, AZƏRTAC
İxracatçı şirkətlər daxili bazarda buğda təminatı və onun qiyməti sabitləşənədək Rusiya Federasiyasından məhsul alınmasını dayandırırlar.
AzərTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kənd Təsərrüfatı Məhsulları İxracatçılarının Milli Assosiasiyası (KTİMA) bazarın digər iştirakçılarını da bu aksiyaya qoşulmağa çağırıb.
Bir qədər əvvəl KİV-lər dekabrın 17-də KTİMA-ya istinadla “Rosselxoznadzor” federal xidmətinin Rusiya buğdasının xarici bazarlara ixracına dolayı məhdudiyyətlər qoyduğu barədə xəbər vermişdilər. Assosiasiyadan verilən məlumata görə, federal xidmət Misir, Türkiyə, Hindistan və Ermənistandan başqa qalan istiqamətlərə ixrac sertifikatlarını sənədləşdirməyi səbəb olmadan dayandırıb. “Rosselxoznadzor” isə bu məlumatları təkzib etmiş və xidmətin normal qrafiklə işlədiyini, yalnız keyfiyyətsiz məhsulun xaricə çıxarılmasının qarşısını aldığını qeyd etmişdi.
Bundan sonra Rusiya informasiya agentlikləri 2014-cü il dekabrın 17-dən dəmir yol xətti ilə ixrac üçün nəzərdə tutulan taxıl məhsullarının göndərilməsinə müddətsiz məhdudiyyət qoyulduğu barədə xəbər yayıblar. Bu barədə “Rusiya dəmiryol xətləri” kompaniyasının özünün ərazi bölmələrinə göndərdiyi teleqramda məlumat verilir və qadağanın “ləğv olunana qədər” qüvvədə qalacağı bildirilir. Kompaniya dünən bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Rusiyada buğda daşınması üzrə iri operator “Rusaqrotrans” məhdudiyyətlərin 2015-ci ildə məhsuldarlığa təhlükə yaradacağı fikrindədir. Kompaniyanın baş direktorunun birinci müavini Oleq Roqaçev kənd təsərrüfatı istehsalçılarının yaz əkin işlərini effektiv aparmaq üçün lazımi qədər vəsait əldə edə bilməyəcəklərini deyib.