İQTİSADİYYAT
“İxtiraçılıq sahəsində nailiyyətlərə görə, III Respublika Müsabiqəsi”nin qalibləri mükafatlandırılıb
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İxtiraçılıq sahəsində nailiyyətlərə görə, III Respublika Müsabiqəsi”nin qalibləri mükafatlandırılıb. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunub.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov ixtiraçılıq sahəsində Respublika Müsabiqəsinin keçirilməsi təşəbbüsünün heç də təsadüfdən yaranmadığını, ölkəmizdə müasir dövrün tələblərinə uyğun olaraq intellektual və elmi potensial yaratmaq və bu istiqamətdə davamlı inkişafı təmin etməyin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatının bütün sahələrində aparılan islahatların əsasında müasirləşmə və elmi inkişaf dayanır.
Sədr deyib ki, ölkə başçısı tərəfindən həyata keçirilən qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kurs müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir.
Yerli sənayenin və ticarətin daha sürətlə inkişaf etdirilməsi məqsədilə əqli mülkiyyətin iqtisadiyyatdakı rolunun günbəgün artdığı xüsusi vurğulanıb.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis–texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi baxımından perspektivli patentlərin müəyyən edilməsi məqsədilə keçirilən müsabiqənin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Müsabiqədə iştirak etmək üçün patent sahibləri tərəfindən 2014-2015-ci illərdə dövlət qeydiyyatına alınan 48 ixtira patenti təqdim edilib.
Qalibləri Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Mühəndislik Akademiyası, AMEA-nın Aşqarlar Kimyası İnstitutu, Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti və respublikanın digər aparıcı elmi təşkilatlardan ibarət Müsabiqə Komissiyası müəyyən edib.
Müsabiqənin nəticələrinə əsasən, “Uçuşmüddətli kütlə spektrometri”, “Günəş suqızdırıcı qurğusu” ixtiraları həvəsləndirici mükafata, “Deemulqator-korroziya inhibtoru”, “4–Fenil-oftalodinitrilin alınma üsulu”, “Həmcins olmayan kollektorlara malik layın neft veriminin artırılması üsulu” ixtiraları III yerə, “Gəmi dizelləri üçün mühərrik yağı”, “Elektriklə qızdırılan istilik mübadiləedicisi” ixtiraları II yerə, Bakı Dövlət Universitetinin “Məsaməli maqnit sorbenti” ixtirası və Müdafiə Sənayesi Nazirliyinin “Şərq İstehsalat Birliyinin “İqlim” Elmi-İstehsalat Müəssisəsinin “Tırtıl zənciri qovşağının qazlaşdırılan modellər üzrə tökülməsi üsulu” ixtirası I yerə layiq görülüb.
Qaliblər diplom və pul mükafatı ilə təltif ediliblər.