İQTİSADİYYAT
İxtiraların beynəlxalq sistemdə mühafizəsi imkanları və yolları öyrədilir
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK), Patent və Əmtəə Nişanları Mərkəzi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə “Azərbaycanda patent məlumat baza axtarışları və Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzlərinin (TİDM) İnkişafına dair” ikigünlük təlim-seminar öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, təlimin açılışında çıxış edən SMPDK sədrinin müavini Niyazi Rəhimov əsas məqsədin ixtiraçılara ÜƏMT-nin patent axtarış sistemi vasitəsilə imkanlar yaratmaq və ixtiraların beynəlxalq ÜƏMT sistemində mühafizəsi imkanlarını və yollarını öyrətməkdən ibarət olduğunu bildirib. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsində əqli mülkiyyətin rolundan və bu sahədə fəaliyyət göstərən aparıcı təşkilatlarla əməkdaşlıq əlaqələrindən danışan komitə sədrinin müavini Prezident İlham Əliyev tərəfindən ölkədə müxtəlif istiqamətlərdə aparılan islahatların əsasında müasirləşmə və elmi inkişafın dayandığını vurğulayıb.
Qeyd olunub ki, qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kurs müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir. Dünyada mövcud olan ən son yeniliklər və ixtiralar haqqında məlumatların əlçatımlılığına xidmət edən və ÜƏMT tərəfindən uğurla tətbiq edilən Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzlərinin (TİDM) Azərbaycanda yaradılması istiqamətində keçirilən növbəti təlim-seminar əqli mülkiyyət sahəsində irəliləyişə xidmət edəcək və ÜƏMT ilə əməkdaşlıq çərçivəsində növbəti uğurlu addım kimi yadda qalacaq.
N.Rəhimov əlavə edib ki, ölkəmizdə innovativ iqtisadiyyatın inkişafı istiqamətində atılan addımlardan biri də patent hüququ obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsidir. Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Fərmanına əsasən Azərbaycan Patent və Əmtəə Nişanları Mərkəzi təsis edilib. Bu mərkəz TİDM-lərin formalaşmasında, patent sistemi üzrə təlimçilərin yetişdirilməsində böyük rol oynayacaq.
ÜƏMT-nin İnnovasiya və Texnologiyaya Dəstək Bölməsinin Proqram əməkdaşı Mussadiq Huseyn Azərbaycanla əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. O, əqli mülkiyyət sahəsində Azərbaycanın uğurlarını, bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə gələcəkdə əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyinə əminliyini bildirib.
Təlim-seminarda “Azərbaycan Respublikasında TİDM layihəsinin inkişafı və həyata keçirilməsi: Problemlər və gələcək addımlar”, “TİDM-lərin qurulmasında ÜƏMT-nin dəstək fəaliyyətləri”, “Rusiya Federasiyasında TİDM şəbəkəsinin inkişafı”, “Patent axtarışı vasitələri və strategiyaları”, “Axtarış üçün Beynəlxalq Patent Təsnifatının (BPT) istifadəsi”, “Patentin yoxlanılmasına giriş” mövzularında məruzələr dinlənilib.