REGİONLAR
İxtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi yüksəkixtisaslı kadr hazırlığına böyük töhfədir
Naxçıvan, 27 aprel, AZƏRTAC
İxtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi yüksəkixtisaslı kadr hazırlığına böyük töhfədir. Bu baxımdan müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin struktur qurumlarında təcrübə keçməsi əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinin iştirakı ilə keçirilən tədbirdə nazir Rövşən Məmmədov deyib.
Rövşən Məmmədov vurğulayıb ki, Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinin əksəriyyəti gələcəkdə muxtar respublikanın bank qurumlarında fəaliyyət göstərməklə bərabər, poçt əməliyyatçısı kimi də işləyə biləcəklər.
Görüşdə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İlqar Sadiqov, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin poçt rabitəsi şöbəsinin mütəxəssisi Hüsniyyə Rəcəbova çıxış edib. Qeyd olunub ki, təcrübə müddətində nazirliyin mütəxəssisləri tərəfindən Naxçıvan Dövlət Texniki Kollecinin bank işi ixtisası üzrə təhsil alan tələbələrinə dərslər keçilib. Dərslərdə mərkəzi terminallar barədə məlumat verilib, həmin terminal vasitəsilə qaz, elektrik, su istifadə haqlarının, telefon abunə borclarının ödənişi, abunəçilərin borclarının hesablanması, adların, ünvanların korreksiyası, yeni abonent yaradılması və terminaldan müxtəlif hesabatların çıxarılması öyrədilib. Bundan başqa, “Colvir” sistemi ilə işləmək qaydası, pul köçürmələrinin qəbulu, ödənişi, axtarış aparılması, teleqramların qəbulu və göndərilməsi, bağlamaların qeydiyyatı, müxtəlif hesabatların çıxarılması qaydaları üçün dərslər keçilib. Smartkartların yüklənməsi və hesabatların çıxarılması da öyrədilib. Bütün bunlar tədris otağındakı kompüterlərin “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəbəkəsinə qoşulması vasitəsilə əyani olaraq həyata keçirilib.
Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov tələbələrə yaradılan şəraitə görə minnətdarlığını bildirərək qeyd edib ki, əvvəllər bank işi ixtisasında təhsil alan tələbələrin təcrübə keçməsi üçün yalnız Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikasındakı İdarəsinə müraciət edilirdi. Ancaq kollec üçün yeni binanın istifadəyə verilməsindən sonra muxtar respublika rəhbərinin tapşırığı əsasında poçt əməliyyatları üzrə kadrların yetişdirilməsinə də diqqət artırılıb. Sevindirici haldır ki, bu ixtisas üzrə təhsilini başa vuran tələbələr təkcə bank qurumlarında deyil, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin struktur bölmələrində də fəaliyyət göstərə biləcəklər.
Kollecin tələbələrindən Nargül Abbaszadə və Həbibə Baxşəliyeva çıxış edərək, təcrübə müddətində göstərilən köməyə görə mütəxəssislərə minnətdarlıqlarını bildiriblər.