REGİONLAR
İxtisaslaşdırılmış kurslar aşağı seçki komissiyalarında peşəkarlığın artırılmasına yönəlib VİDEO
Qusar, 23 avqust, Elxan Yusifli, AZƏRTAC
Dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil olunan seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir.
AZƏRTAC xəbər verir ki, avqustun 23-də 51 saylı Qusar şəhər seçki dairəsində təşkil olunan kursların ikinci günü üç əsas mövzu üzrə maarifləndirmə işi aparılıb, müvafiq təlimatlar verilib.
Dairə seçki komissiyasının sədri Cəlil İbrahimov iştirakçıların nəzərinə çatdırıb ki, kurslar Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında təşkil olunur. Kursların keçirilməsində məqsəd dairə seçki komissiyalarının üzvlərinin və məntəqə seçki komissiyaları sədrlərinin peşəkar hazırlığının artırılmasıdır.
Dairə seçki komissiyalarının üzvləri və 42 məntəqə seçki komissiyasının sədrlərinin qatıldığı seminarda Qusar Rayon Məhkəməsinin sədri Adil Vəliyev məruzə ilə çıxış edib. İştirakçılara referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri haqqında ətraflı məlumat verilib.
Qusar rayon prokuroru Zahid Vəliyev kurs iştirakçılarını referendumun subyektləri, referendumda iştirak hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri haqqında məlumatlandırıb.
Növbəti məruzə seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi referendum sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu haqqında olub. Mövzu ətrafında məruzə ilə çıxış edən rayon polis şöbəsinin rəis müavini Hidayət Babayev, eyni zamanda, seçki komissiyaları ilə qarşılıqlı əlaqələrin qurulması haqqında da danışıb.
İxtisaslaşdırılmış kurslar 51 saylı Qusar şəhər seçki dairəsi ilə yanaşı, şimal bölgəsində yerləşən 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən, 55 saylı Xaçmaz və 56 saylı Xaçmaz kənd seçki dairələrində də qrafik üzrə davam etdirilir. Kurslarda dairə seçki komissiyası üzvləri və məntəqə seçki komissiyaları sədrləri ilə referenduma hazırlıq prosesi, seçici siyahıları ilə iş qaydası və digər mövzular üzrə müzakirələr aparılır.