REGİONLAR
İyirmi altı illik fasilədən sonra Lənkəranın Ləj kəndinə təbii qaz verilib
Lənkəran, 19 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq 26 illik fasilədən sonra, sentyabrın 19-da Lənkəran rayonunun Ləj kəndinə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, 349 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 1286 metr polietilen və 16854 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac quraşdırılıb.
Kənddə “mavi yanacağ”ın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Rəfail Novruzov sakinləri əlamətdar hadisə münasibətilə təbrik ediblər.
Tədbirdə çıxış edən Ləj inzibati ərazi nümayəndəsi Bayram Cəfərov, kənd ağsaqqallarından Ələkbər Əliyev, Nizam Cəfərov, kəndin axundu Samit Quliyev əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində rayonun 64 yaşayış məntəqəsi təbii qazla təmin olunub. Bu, rayonda olan abunəçilərin 91 faizini təşkil edir.