İQTİSADİYYAT
İyirmidən çox xarici maliyyə institutu "Azərbaycan Beynəlxalq Bankı"na kredit verməyə hazırdır
Bakı, 29 sentyabr, AZƏRTAC
Cenevrədə keçirilən "SİBOS 2016" beynəlxalq sərgi-konfransı çərçivəsində "Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) nümayəndə heyəti ilə dünyanın 60-dan çox bank-maliyyə qurumunun təmsilçiləri arasında keçirilən işgüzar görüşlərdə ölkəmizin iqtisadiyyatı, aparılan davamlı islahatlar, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində baş verən müsbət dəyişikliklər, eləcə də ABB-nin fəaliyyəti, respublikamızın sosial-iqtisadi həyatında bankın yeri və rolu barədə ətraflı məlumat verilib.
ABB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müzakirələrin müəyyən bir qismi bank tərəfindən sindikatlaşmış əqdin həyata keçirilməsi ilə bağlı olub. Danışıqlarda iştirak edən 20-dən çox xarici maliyyə institutu belə bir sazişə qoşulmaq niyyətini təsdiqləyib. Təkcə sərgidə 4 bank artıq qeyd olunan sindikatlaşmış sazişə qoşulub. Bu istiqamətdə danışıqlar davam etdirilir. Cəlb olunan vəsait ABB-nin cari öhdəliklərinin yenidən maliyyələşdirilməsinə yönəldiləcək. Bütün bunlar xarici investorların Azərbaycan dövlətinə və ABB-yə olan yüksək etimadının göstəricisi kimi qiymətləndirilib.
"SİBOS 2016" beynəlxalq sərgi-konfransında ABB-yə olan maraq, aparılan müzakirələr beynəlxalq maliyyə institutlarının banka inamını, ABB ilə tərəfdaşlıq istəyini bir daha nümayiş etdirib. Əldə olunan ilkin razılaşmalar bankın xarici maliyyə qurumları ilə əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfə verəcək.
Xatırladaq ki, ənənəvi "SİBOS 2016" sərgi-konfransı Dünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) təşkilatçılığı ilə 1978-ci ildən keçirilir.