İQTİSADİYYAT
İyulda OPEC-in neft hasilatı artıb
Bakı, 10 avqust, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) gündəlik neft hasilatı iyul ayında əvvəlki aya görə 173 min barrel artaraq 32 milyon 870 min barrelə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın aylıq hesabatında deyilir. Bildirilir ki, iyulda qeyri-OPEC ölkələrində neft hasilatı gündəlik 520 min barrel artaraq 64 milyon 490 min barrelə çatıb.
OPEC-in hasilatını artırması nəticəsində iyulda qlobal neft istehsalındakı payı 33,8 faizə bərabər olub.
Keçən ay OPEC üzrə xam neft hasilatı ən çox Liviya, Nigeriya və Səudiyyə Ərəbistanda artıb, ən böyük azalma isə İraq, Anqola və Venesuelada baş verib. Liviyada gündəlik neft hasilatı iyulda əvvəlki aya görə 154 min barrel artıb. İyulda Nigeriyada neft hasilatı gündəlik 34 min barrel artıb. OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanda isə təxminən 32 min barrel artaraq 10 milyon 67 min barrel olub.
İraqda gündəlik neft hasilatı 33 min barrel, Anqolada isə 19 min barrel azalıb. İqtisadi və siyasi sahədə çətin dövr yaşayan Venesuelada isə gündəlik hasilat təxminən 16 min barrel azalaraq 1 milyon 932 min barrelə enib.
İyulda dünya üzrə istismara daxil olan neft qazma qurğularının sayı 2 min 192 olub. Bu qazma qurğularının 571-i OPEC-ə üzvü olan ölkələrdə inşa edilib.