İQTİSADİYYAT
İyulda daşınmaz əmlakın icbari sığortası üzrə 8 min 76 müqavilə bağlanılıb
Bakı, 4 avqust, AZƏRTAC
Cari ilin iyul ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 8 min 76 sığorta müqaviləsi bağlanılıb.
Bu barədə AZƏRTAC-a İcbari Sığorta Bürosundan bildirilib. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 1 milyon 282 min 916 manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 6 min 62-i yaşayış evləri və mənzillər, 15-i inzibati binalar, 1999-u isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 26 faiz azalma, sığorta haqlarının məbləğində isə 5 faiz artım müşahidə edilib.
Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 167, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 28 sığorta müqaviləsi bağlanılıb.