İQTİSADİYYAT


İyulun 11-də keçiriləcək hərraca 206 dövlət əmlakı çıxarılıb

Bakı, 12 iyun, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən iyulun 11-də keçiriləcək yeni hərrac elan edilib. Hərraca ümumilikdə 206 əmlak çıxarılıb ki, bunun 20-si səhmdar cəmiyyət, 85-i kiçik dövlət müəssisə və obyekti, 100-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarımçıq tikilidir.

Hərracda iştirak edən əmlakların siyahısı ilə linkindən tanış olmaq olar.

ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklar paytaxtın Qaradağ, Nərimanov, Sabunçu, həmçinin bölgələrdə - Lənkəran, Astara, Şamaxı, Oğuz, Göygöl və digər rayonlarda yerləşir. Hərracda ən yüksək qiymət paytaxtın Nəsimi rayonunda yerləşən və ümumi faydalı sahəsi 255.5 kvadratmetr, torpaq sahəsi isə 474.8 kvadratmetr olan qeyri-yaşayış obyektinə təyin olunub. Həmin əmlak 312 min manata təklif olunur. Səbail rayonunda yerləşən qeyri-yaşayış obyekti 225 min manat, Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq isə 216 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə çıxarılan dövlət müəssisələri və kiçik obyektləri sırasında “Qoxmuq” istirahət zonası, mağazalar, yanacaqdoldurma məntəqələri, yeməkxanalar, Təsərrüfathesablı Göygöl Aqrar Sənaye Kombinatı kimi əmlaklar var.

Budəfəki hərraca çıxarılan səhmdar cəmiyyətlər sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında “Tərtər Konserv”, “Sumqayıt Kimya Tikinti”, “Kürdəmir Kəndkimya Təchizat”, “Salyan Reproduktor Quşçuluq”, “Azərmetalinvest”, “Azinterservis” kimi müəssisələr var.

Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur kifayət edir. Bunun üçün “privatization.az” portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10 faiz məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Qeyd edək ki, hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin “facebook”dakı rəsmi səhifəsi və “privatization.az” səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır.

İstənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.