ELM VƏ TƏHSİL
İyulun 1-dən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılır
Bakı, 30 iyun, AZƏRTAC
İyulun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılır.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, bu proses iyulun 14-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçə bilərlər. İşə qəbul üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən və dövlət nümunəli təhsil sənədi (diplom) alan şəxslər iştirak edə bilərlər. Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsinə qatıla bilərlər.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə dörd mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.
Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün doldurmadığı müəyyənləşdirilərsə, onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.
Bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan yeniliyə əsasən ötən il keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçərək topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin namizədlər cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq. Bu, Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən həyata keçirilir.