ELM VƏ TƏHSİL
İyulun 23-də ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Bakı, 21 iyul, AZƏRTAC
İyulun 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017‑ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 55 binada aparılacaq. İmtahanın idarə olunmasına 260 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 min 445 nəzarətçi-müəllim, o cümlədən ASAN Xidmətin 88 könüllüsü zal nəzarətçisi qismində cəlb olunacaq.
Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan zallarında abituriyentlərin rahat imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb.
İmtahanda 29 min 196 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 16 min 197-si II qrup üzrə, 12 min 999-u III qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 26 min 346-sı Azərbaycan bölməsinin (II qrup üzrə 14 min 340, III qrup üzrə 12 min 6 nəfər), 2 min 850-si isə rus bölməsinin (II qrup üzrə 1857, III qrup üzrə 993 nəfər) məzunudur.
Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 13-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr və digər zəruri məlumatlar çatdırılır.
İmtahan saat 11.00-da başlanacaq və 3 saat davam edəcək.
Abituriyentlər imtahana özləri ilə iki sənəd gətirməlidirlər: şəxsiyyəti təsdiqləyən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq aşkarlandıqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib ediləcək və imtahan binasına buraxılmayacaqlar.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları, eyni zamanda, TQDK-nın internet saytında və “Facebook” səhifəsində yerləşdiriləcək.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.