ELM VƏ TƏHSİL
İyulun 2-də keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb
Bakı, 3 iyul, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 2-də V ixtisas qrupuna və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçirib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində aparılıb.
Nəticələr iyulun 3-də saat 18:15-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 16.151 abituriyentdən 3.868 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 12.283 abituriyentdən 26-sı imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. TQDK-nın saytında 12.257 abituriyentin imtahan nəticələri yerləşdirilib.