İQTİSADİYYAT
İyun ayında daşınmaz əmlakın icbari sığortası üzrə 13 487 müqavilə bağlanıb
Bakı, 4 iyul, AZƏRTAC
2015-ci ilin iyun ayında daşınmaz əmlakın icbari sığortası üzrə 13 487 sığorta müqaviləsi bağlanıb.
İcbari Sığorta Bürosundan AZƏRTAC-a verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 5 milyon manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 81,43 faizi yaşayış evləri və mənzillər, 1,45 faizi inzibati binalar, 17,12 faizi isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 50 faiz, sığorta haqlarının məbləğində 2,4 dəfə artım müşahidə edilib.
Ümumilikdə 2015-ci ilin yanvar-iyun ayları ərzində 67 112 sığorta müqaviləsi bağlanılıb. Bu müqavilələr üzrə sığorta haqları 17,9 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 29 faiz azalma, sığorta haqlarının məbləğində isə 2 dəfə artım müşahidə edilib.