İQTİSADİYYAT
İyun ayının ilk hərracında 17 dövlət əmlakı özəlləşdirilib
Bakı, 6 iyun, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyunun 6-da dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib. Budəfəki hərracda 7 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisəsinin 4-ü Bakıda, 3-ü regionda yerləşir.
Paytaxt üzrə özəlləşdirilən 4 kiçik dövlət müəssisəsi müvafiq olaraq Qaradağ, Nəsimi, Binəqədi və Nərimanov rayonlarında yerləşir.
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Bakının Qaradağ rayonunda yerləşən “Metal və ərzaq anbarı”, İmişli rayonunda yerləşən 2 saylı yanacaqdoldurma məntəqəsi aiddir. Qeyd edək ki, “Metal və ərzaq anbarı” torpaq sahəsi 14451,8 kvadratmetr, ümumi faydalı sahəsi isə 2175 kvadratmetrə yaxındır. 2 saylı yanacaqdoldurma məntəqəsinin isə torpaq sahəsi 27,5 kvadratmetr, ümumi faydalı sahəsi isə 1370,5 kvadratmetrdir.
Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Qeyd edək ki, bölgələrdə özəlləşdirilən 3 kiçik dövlət müəssisəsi müvafiq olaraq Gəncə, İmişli və Qubada yerləşir.
Qeyd edək ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 5-i paytaxtda, 1-i isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyekti müvafiq olaraq Yasamal, Xətai və Nəsimi rayonlarındadır. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi Gəncədə yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 14,2 kvadratmetr ilə 107,3 kvadratmetr arasında dəyişir.
Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Gəncə şəhərində yerləşən sahəsi 14,2 kvadratmetr olan qeyri-yaşayış sahəsidir.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün
http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r linkdən istifadə etmək kifayətdir.
Komitə investorların özəlləşdirmədə iştirakının sadələşdirilməsi üçün fəaliyyətini təkmilləşdirir. Belə ki, bu sahədə prosedurları daha da yüngülləşdirən “Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” istifadəyə verilib. Sistem vasitəsilə ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilirlər. “Elektron Hərrac”da ilkin mərhələdə nəqliyyat vasitələri və avadanlıqların özəlləşdirilməsi mümkündür. Digər əmlakların da “Elektron Hərrac” vasitəsilə özəlləşdirilməsi yaxın gələcəkdə reallaşacaq. Ümumilikdə isə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı təşkil olunan hərraclara sifariş vermək və sifarişçi statusu əldə etmək elektron xidmətlər vasitəsilə həyata keçirilir.
Xatırladaq ki, komitə tərəfindən növbəti belə hərrac iyunun 13-də keçiriləcək. Bu hərraca ümumilikdə 88 əmlak çıxarılıb. Bunlardan 20-si səhmdar cəmiyyəti, 40-ı kiçik dövlət müəssisə və obyekti, 28-i istifadəsiz qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan əmlaklarla http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1848 tanış olmaq mümkündür.