İQTİSADİYYAT
İyunda 84 min 292 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub
Bakı, 8 iyul, AZƏRTAC
İyun ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 84 min 292 müqavilə qeydiyyata alınıb.
İcbari Sığorta Bürosundan AZƏRTAC-a bildiriblər ki, bunların 12 min 707-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. 2016-cı ilin iyun ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,7 milyon manat olub.
2015-ci ilin iyun ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 7,5 faiz, sığorta haqlarının məbləğində isə 5,6 faiz artım müşahidə edilib. İyunda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin may ayı ilə müqayisədə 5,1 faiz artaraq 79,5 manat təşkil edib.