İQTİSADİYYAT
İyunda OPEC-in neft hasilatı gündəlik 32,8 milyon barrel olub
Bakı, 12 iyul, Nihad Budaqov, AZƏRTAC
İyunda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) gündəlik neft istehsalı may ayı ilə müqayisədə 264 min barrel artaraq 32 milyon 860 min barrelə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in neft bazarına dair hesabatında deyilir. Bildirilir ki, iyunda qlobal neft təklifi may ayına nisbətən gündəlik 400 min barrel artaraq 94 milyon 330 min barrel olub. Buna səbəb isə OPEC və qeyri-OPEC ölkələrindəki təklif artımıdır. Qeyri-OPEC ölkələrinin təklifi iyunda may ayı ilə müqayisədə gündəlik 130 min barrel çoxalıb.
OPEC-in xam neft hasilatı iyunda may ayına nisbətən gündəlik 264 min barrel artmaqla 32 milyon 860 min barrel olub. Qlobal neft istehsalında OPEC-in payı isə 34,8 faizə yüksəlib. İyunda OPEC daxilində xam neft istehsalı ən çox Nigeriya, İran, Səudiyyə Ərəbistanı, Liviya və Birləşmiş Ərəb Əmirliklərində artıb, Venesuela və İraqda isə azalıb. Həmin ay Nigeriyanın neft hasilatı gündəlik 98 min barrel artımla 1 milyon 500 min barrel, İranda isə gündəlik 77 min barrel artaraq 3 milyon 600 min barrel olub. İraqın neft istehsalı gündəlik 56 min barrel azalaraq 4 milyon 200 min barrel, Venesuelada isə 88 min barrel azalma ilə 2 milyon barrel təşkil edib. İyunda kartelə yeni qatılan Qabonda isə neft istehsalı may ayı ilə müqayisədə min barrel azalıb.