ELM VƏ TƏHSİL


İyunun 23-də keçiriləcək buraxılış imtahanlarında 57 min 88 şagirdin iştirakı nəzərdə tutulur

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) Xocavənd, Gəncə, Daşkəsən, Göygöl, Samux, Xızı, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Oğuz, Ağcabədi, Göyçay, Ucar, Ağdaş, İsmayıllı, İmişli, Füzuli, Beyləqan, Sabirabad, Saatlı, Lənkəran, Astara, Lerik, Masallı, Xaçmaz, Şabran və Siyəzəndə yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində (IX və XI siniflərdə) təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, həmin gün ümumilikdə 57 min 88 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif II mərhələ üzrə 31 min 715, XI sinif üzrə 25 min 373).

Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr və digər zəruri məlumatlar çatdırılır.

IX sinif şagirdləri üçün imtahan saat 10.00-da, XI sinif şagirdləri üçün imtahan saat 15.00-da başlanır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: “İmtahana buraxılış vərəqəsi”; şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanların idarə olunmasına ümumilikdə 224 imtahan rəhbəri, 2 min 778 nəzarətçi-müəllim ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.