ELM VƏ TƏHSİL
İyunun 25-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
Bakı, 28 iyun, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 25-də orta ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahanın nəticələri bu qurumun internet saytında yerləşdirilib.
İmtahanda iştirak etmiş hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı, Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənmək olar.
İmtahanlar Bakı şəhərindəki orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.
IX sinif üzrə buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi (inşa) yerinə yetiriblər. İmtahanın ümumi müddəti iki saat müəyyənləşdirilib.
İmtahanda iştirakı nəzərdə tutulan 31 min 256 şagirddən 318-i imtahana gəlməyib. İki nəfər qaydaları pozduğu üçün (imtahan binasına mobil telefon keçirməyə cəhd, sual kitabçaları və cavab kartlarının dəyişdirilməsi, nizam-intizam qaydalarının pozulması) imtahandan xaric edilib, bir nəfərin isə sual kitabçası və cavab kartını imtahan binasından çıxarmağa cəhd göstərdiyi üçün imtahan nəticələri ləğv olunub. İştirakçılardan 103-ü maksimum nəticə göstərərək 60 bal toplayıb.
XI sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil/kimya fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetiriblər. İmtahanın ümumi müddəti 2 saat 45 dəqiqə müəyyənləşdirilib.
İmtahanda iştirakı nəzərdə tutulan 24 min 679 şagirddən 289-u imtahana gəlməyib, 21-i müvafiq qaydaları pozduğu üçün imtahandan xaric edilib. İştirakçılardan 154-ü maksimum nəticə göstərərək 90 bal toplayıb.