ELM VƏ TƏHSİL
İyunun 30-da növbəti buraxılış imtahanları keçiriləcək
Bakı, 28 iyun, AZƏRTAC
İyunun 30-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şamaxı, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı şəhər və rayonlarındakı orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahanlarda ümumilikdə 45 min 171 şagirdin iştirakı nəzərdə tutulur (IX sinif üzrə 24 min 237, XI sinif üzrə 20 min 934 nəfər).
Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr və digər zəruri məlumatlar çatdırılır.
İmtahan IX sinif şagirdləri üçün saat 10.00-da, XI sinif şagirdləri üçün saat 15.00-da başlanır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: “İmtahana buraxılış vərəqəsi”ni; şəxsiyyəti təsdiqləyən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
16 yaşı 2016-cı il aprelin 30-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanların idarə olunmasına ümumilikdə 214 imtahan rəhbəri, 2 min 172 nəzarətçi-müəllim ayrılıb.