REGİONLAR


İzmir kollektivinin konserti alqışlarla qarşılanıb VİDEO

Şəki, 30 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Uğurla davam edən Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının dördüncü günü, iyunun 30-da günorta saatlarında musiqisevərlər Türkiyədən gəlmiş “İzmir Dövlət Türk Dünyası Dans və Müzik Topluluğu”nun çıxışını izləyiblər.

AZƏRTAC xəbər verir ki, XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana-kompleksinin həyətində keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, festivala dəvət olunan qonaqlar, musiqisevərlər iştirak ediblər.

Konsertin əvvəlində məlumat verilib ki, “İzmir Dövlət Türk Dünyası Dans və Müzik Topluluğu” 2008-ci ildə Cəlal Vuralın rəhbərliyi ilə fəaliyyətə başlayıb, 2011-ci ildən Mehmet Alinin rəhbərliyi ilə fəaliyyətini davam etdirir. Türkdilli ölkələrin musiqisini ifa edən Topluluğun əsas məqsədi həmin ölkələrin səs, saz, rəqs sənətlərini təbliğ etməkdən ibarətdir. Kollektiv bu məqsədlə Anadolu, Mosul, Kərkük, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr, Tatarıstan, Krım, Başqırdıstan və digər türkdilli ölkələrin ənənəvi musiqi və rəqslərini araşdıraraq, zaman-zaman toplayaraq nota köçürüb. Kollektiv davamlı olaraq konsertlər, televiziya və radio proqramları, daxili və xarici konsert və qastrollar təşkil etməklə, türk dünyasının zəngin musiqi və rəqslərini fərqli ölkələrdə yaşayan türk xalqlarına və dünyaya tanıdır.

İzmir kollektivinin solisti Yusuf Bayırbeyin türk və Azərbaycan dilində ifa etdiyi bəstəkar və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertin sonunda kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim edilib.

Festival çərçivəsində iyunun 30-da axşam “Marxal” istirahət kompleksinin yay teatrinda musiqisevərlərə Gürcüstanın uşaq xoreoqrafik ansamblının konserti təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.