CƏMİYYƏT


İzmirdə “Tartoniks” animasiya studiyasının mətbuat konfransı olub

A+ A

Kiyev, 13 iyul, AZƏRTAC

İyulun 12-də Türkiyənin İzmir şəhərində “Tartoniks” animasiya studiyası mətbuat konfransı keçirib. Konfransın keçirilməsi Ukrayna poçt markasında Türkiyə bayrağının təsvir edilməsi ilə bağlı olub. Qeyd etmək lazımdır ki, “Tartoniks” Ukrayna və Türkiyənin layihəsidir və beynəlxalq statusa malikdir. Şirkətin bu ilin əvvəlindən may ayınadək Ukraynada fəaliyyəti nəticəsində “Tartoniks” layihəsi ölkədə kifayət qədər tanınıb. Yarım il ərzində layihə ilə bağlı çoxsaylı təqdimatlar, yaradıcı kollektivin ali məktəb tələbələri ilə görüşləri, mətbuat konfransları, müxtəlif formatlarda startaplar keçirilib. Nəticədə ukraynalı uşaqlarda “tartonik”lərə maraq və sevgi yaranıb, habelə “Ukrpoçta” tərəfindən “Tartoniks” poçt markası buraxılıb. Markalarda Türkiyə və Ukrayna bayraqları təsvir edilib. Bu fakt türkiyəli jurnalistlərin marağına səbəb olub, çünki Türkiyədə dövlət rəmzlərinə, o cümlədən dövlət bayrağına ənənəvi olaraq böyük sevgi var.

Mətbuat konfransında şirkətin sahiblərindən olan həmvətənimiz Elçin Orucov və Əlövsət Becanoğlu studiyanın həm Türkiyədə, həm də Ukraynada fəaliyyəti, vəzifə və perspektivləri barədə məlumat veriblər. Tədbirdə Ukraynanın İzmirdəki fəxri konsulu Çetin Güvercin də çıxış edib. O, konsulluğun fəaliyyəti, mədəniyyətlərin dialoqu, Ukrayna-Türkiyə dostluğu, bu ölkələr arasında iqtisadi, mədəni və təhsil əlaqələrinin genişləndirilməsindən söz açıb. Çetin Güvercin deyib: “Dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyətdə dost ölkələrlə yaxşı münasibətlər qurmaq və strateji tərəfdaş olmaq, habelə bu münasibətləri inkişaf etdirmək lazımdır”. Fəxri konsul vurğulayıb ki, Türkiyə bayrağının Ukrayna poçt markalarında əks olunması onun ölkəsi üçün şərəfdir. “Tartoniks” beynəlxalq şirkətinə təşəkkür edən Çetin Güvercin vurğulayıb ki, bu şirkətin müsbət reputasiyası iki dövlətin daha da yaxınlaşmasına xidmət edir.

E.Orucov və A.Becanoğlu Türkiyə hökumət orqanlarının şirkətə xoş münasibətini, layihənin Türkiyədə inkişaf etdirilməsində dövlət strukturlarının dəstəyini vurğulayıblar.

Qeyd edək ki, “Tartoniks” studiyası 2013-cü ildən Türkiyədə fəaliyyət göstərir. Layihənin konsepsiyası uşaqlara xeyirxah, nəzakətli, mehriban olmağı öyrətməkdir. Layihə əməkdaşlarının digər mühüm təşəbbüsü isə “Tartoniya Land” layihəsidir. A.Becanoğlu layihəyə sərmayə qoyulmasının vacibliyindən danışıb, çünki bu cür miqyaslı layihələr yalnız ciddi maliyyə dəstəyi sayəsində inkişaf edə bilər. “Tartoniya Land” valideynlərin və uşaqların fantaziya və sehr dünyasına düşə biləcəyi əyləncəli şəhərdir. Layihənin turizmin inkişaf etdiyi Türkiyədə həyata keçirilməsi planlaşdırılır. Elçin Orucov deyib: “Layihənin iqtisadi tərəfi, əlbəttə ki, vacibdir. Lakin hazırda əsas vəzifəmiz keyfiyyətli və müsbət əhvali-ruhiyyəli cizgi filmləri yaratmaq və uşaqlarda personajlara məhəbbət oyatmaqdır. Lakin biz seriyaları çəkməklə yanaşı, balaca tamaşaçılarımızın etimadını doğrultmaq üçün animasiya layihəsi üzərində də səylə işləyirik”.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.