CƏMİYYƏT


İzmirdə Xocalı parkının açılışı olub

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC 

Türkiyənin İzmir şəhərində Karabağlar Bələdiyyəsinin Salih Omurtak məhəlləsində “Azərbaycan Qarabağ Xocalı parkı” açılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, parkın açılması Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyasının təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Mərasimdə Karabağlar bələdiyyəsinin nümayəndələri, Azərbaycan və digər türk diaspor təşkilatlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının üzvləri, yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyasının sədri İsa Ambarçı qeyd edib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşatmaq məqsədilə bu parkın salınması ilə bağlı fəaliyyətə bir il əvvəl başlanılıb. Federasiyaya daxil olan Azərbaycan, Krım, Ahıska, Uyğur, Kərkük dərnəkləri ilə yanaşı, İzmir İğdırlılar Federasiyası, Azərbaycanlı Qadınlar Dərnəyi, İzmir Azərbaycan Kültür Dərnəyi, Qars, Ərdahan, İğdırdan olan iş adamları, Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi və başqaları könüllü şəkildə prosesə qoşularaq böyük dəstək göstəriblər.

İsa Ambarçı bu təşkilatlara, həmçinin açılışdan bir gün əvvəl təşkilatın ofisini ziyarət etmiş Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevə və Karabağlar Bələdiyyəsinin sədri Mühittin Selvitopluya göstərilən dəstəyə görə təşəkkür edib.

2017-ci il fevralın 26-da parkın ərazisində Xocalı abidəsinin açılışı da nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.