QAN YADDAŞI
İzmirdə Xocalı soyqırımına həsr olunan anma mərasimi və konfrans keçirilib
İzmir, 27 fevral, АZƏRTAC
Xocalı faciəsinin 25 illiyi münasibətilə Türkiyənin İzmir şəhərinin Bornova rayonunda yerləşən Azərbaycan Dostluq Parkındakı Xocalı soyqırımı abidəsinin qarşısında anma mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, o cümlədən deputatlar, İzmir ictimaiyyətinin görkəmli nümayəndələri, bölgədə yaşayan və işləyən azərbaycanlılar, Barnova rayonunun sakinləri, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin ruhuna Qurani-Kərimdən ayələr oxunub, abidənin önünə gül-çiçək düzülüb.
Sonra İzmir Mədəniyyət Evində Xocalı soyqırımına həsr olunan konfrans keçirilib.
Konfransın rəsmi açılışında Bornova rayon bələdiyyəsinin sədri Olgun Atila, İzmirdəki Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Mülazim Pahsa və başqaları çıxış ediblər.
Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.
Konfransın panelində Milli Məclisin deputatları Aydın Hüseynovun və Qənirə Paşayevanın çıxışları dinlənilib.
Konfrans keçirilən salonda gənc rəssam Gülnarə Muxtarova-Pamukun əksəriyyəti Xocalı soyqırımına və Qarabağ mövzusuna aid əsərlərindən ibarət rəsm sərgisinin açılışı olub.
Sonra şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İzmir