MƏDƏNİYYƏT
İzmitdə Azərbaycanı tanıtma gecəsi keçirilib VİDEO
İzmit, 28 noyabr, AZƏRTAC
Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində Azərbaycanı tanıtma gecəsi keçirilib.
Sosial Elçilər Qrupunun təşkilatçılığı ilə keçirilən gecədə rəsmi şəxslər, İzmitdə yaşayan, işləyən və təhsil alan azərbaycanlılar, Türkiyə ictimaiyyətinin tanınmış simaları, QHT rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan tarixini və ölkəmizin müasir inkişafını əks etdirən film nümayiş olunub. Sonra Kocaeli Ansamblının ifasında Azərbaycan musiqiləri səsləndirilib, rəqs qrupunun ifaları olub.
Məlumat verilib ki, gecəni keçirməkdə məqsəd həm də Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının səmərəli fəaliyyətinə dəstək olmaq və onu tanıtmaqdır.
Kocaeli vilayətinin rəsmi nümayəndəsi Mesut Yıldırım, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası idarə heyətinin sədri Bilal Dündar, İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu, yazıçılar - Kəbutər Haqverdi, İhsan Sönməz və başqaları gecədə çıxış ediblər.
Azərbaycan xalqının xilaskar oğlu, ümummilli lider Heydər Əliyev və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkdən xalqlarımıza miras qalan zəngin irsin qorunmasının vacibliyini diqqətə çatdıran natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafının əhəmiyyətindən bəhs ediblər. Diqqətə çatdırılıb ki, Azərbaycan və Türkiyənin sürətli inkişafı qarşılıqlı olaraq ölkələrimizin gücünü daha da artırır.
Sonda Azərbaycan və Türkiyənin qardaşlığının inkişafı, o cümlədən türk dünyasının birliyi üçün səmərəli xidmətləri ilə seçilən bir qrup şəxsə xatirə hədiyyələri verilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İzmit