MƏDƏNİYYƏT
“JATA Tourizm EXPO Japan-2016” beynəlxalq turizm sərgisində Azərbaycana xüsusi maraq var
Tokio, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Yaponiya paytaxtının möhtəşəm “Tokyo Big Sight” sərgi salonunda "JATA Tourizm EXPO Japan - 2016" beynəlxalq turizm sərgisi fəaliyyətə başlayıb.
Sərginin açılış mərasiminə Yaponiya hökumətinin rəsmiləri, bu ölkədəki diplomatik korpusun nümayəndələri, o cümlədən Azərbaycanın Yaponiyadakı səfiri, iştirakçı ölkələrin turizm şirkətlərinin nümayəndələri qatılıblar.
Dünyanın ən böyük turizm sərgilərindən hesab olunan “JATA-2016”da ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibinə “Al travel” turizm şirkətinin və “Qafqaz Hospitality” otellər qrupunun nümayəndələri daxildirlər.
Mədəniyyət və Turizm Nazirliyinin marketinq şöbəsinin baş məsləhətçisi Leyla Verdiyeva AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, dünyanın 170-dən çox ölkəsindən turizm, səyahət və asudə vaxtın təşkili sahəsində fəaliyyət göstərən 700-dən çox şirkətin iştirak etdiyi sərgidə Azərbaycanın turizm məhsulları ölkəmiz üçün ayrılmış 36 kvadratmetrlik stenddə nümayiş etdirilir. Nazirlik tərəfindən təsdiq edilmiş turizm marketinqi strategiyası çərçivəsində aparılan məqsədyönlü iş nəticəsində yapon turistlərin Azərbaycana səfərlərinin sayı əsaslı şəkildə artıb. Budəfəki sərgidə təşkilatçılar ölkəmizin turizm potensialını nəzərə alaraq ziyarətçilərə daha ətraflı məlumat vermək üçün xüsusi proqram hazırlayıblar. Proqrama əsasən, sərgidə əsas mövzulardan biri Qara Dəniz hövzəsi ölkələrinə, o cümlədən Azərbaycana həsr edilib.
Sərgi çərçivəsində keçirilən seminarda “Cross Border Club” şirkətinin prezidenti Kazuyasu İşida ölkəmizin iqtisadi uğurları, əldə edilən nailiyyətlər, sürətli və dinamik inkişafı, eyni zamanda, turizm potensialı barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan son illər sürətlə inkişaf edərək möhtəşəm turizm infrastrukturu yaratmağa nail olub. Təbii əsrarəngizliyi, qədim tarixi abidələri, zəngin musiqi və mətbəx mədəniyyəti ilə seçilən Azərbaycanda hazırda müasir və rahat otellər şəbəkəsi yaradılıb, yeni yollar çəkilib.
Azərbaycan mövzusuna yerli kütləvi-informasiya vasitələri də xüsusi maraqla yanaşıblar. Belə ki, sərgi ərəfəsində “World Investors TV” internet televiziyası Azərbaycanın turizm potensialı barədə xüsusi veriliş hazırlayıb. Milyonlarla tamaşaçı auditoriyasına malik olan “Tokyo” televiziyası isə Azərbaycanın Yaponiyadakı səfirinin ölkəmizdə turizmin inkişafına yetirilən diqqətlə bağlı müsahibəsini yayıb.
Sərgiyə gələn ziyarətçilərə Azərbaycanın turizm potensialı barədə ingilis və yapon dillərində müxtəlif reklam-çap məhsulları təqdim olunur. Bütün bunlar turizm həvəskarlarının ölkəmiz haqda daha ətraflı məlumatlar əldə etməsinə imkan yaradır.
Azərbaycan nümayəndə heyətinin səkkizinci dəfə qatıldığı sərgi sentyabrın 25-də başa çatacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio