İQTİSADİYYAT
JTI Azərbaycanda “Ən Yaxşı İşəgötürən” seçilib
Bakı, 17 mart, AZƏRTAC
Japan Tobacco International (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi Azərbaycan, Avropa və Asiya-Sakit Okean Regionunda mükəmməl iş şəraitinə görə fərqlənib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, Ən Yaxşı İşəgötürənlər İnstitutu (Top Employers Institute) tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri şirkətin öz əməkdaşlarının qayğısına xüsusilə yaxşı qaldığını göstərir. JTI Azərbaycan öz əməkdaşlarının inkişafına verdiyi əhəmiyyəti nümayiş etdirərək, Azərbaycan, Avropa və Asiya-Sakit Okean Regionu üzrə 2017-ci il üçün müstəsna olaraq Ən Yaxşı İşəgötürən Mükafatına layiq görülüb.
“JTI şirkəti olaraq biz uzunmüddətli perspektivi nəzərdə tutaraq əməkdaşlarımıza sərmayə qoyuruq. Biz öz işçilərimizi inkişaf etmək və təkmilləşmək üçün imkanlar yaratmaqla yanaşı onların nailiyyətlər qazanmasını təmin edəcək iş mühiti təklif edirik. Bu yanaşma Top Employers Institute tərəfindən bir daha təsdiq edildiyindən, habelə Qafqaz regionunda Ən Yaxşı İşəgötürən statusuna malik olan yeganə şirkət olduğumuzdan qürur duyuruq”, - deyə “JTI Caucasus” şirkətinin baş direktoru Pol Holovey bildirib.
Top Employers Institute tərəfindən hər il keçirilən araşdırma dünyanın aparıcı işəgötürənlərini öz işçiləri üçün mükəmməl şərait yaradan, təşkilatın bütün səviyyələrində istedadları yetişdirən və inkişaf etdirən, işəgötürmə üsullarını davamlı olaraq optimallaşdırmağa çalışan şirkətlər kimi müəyyən edir.