DÜNYA


Jan-Klod Yunker: Türkiyə ilə sərbəst viza rejiminə keçid mümkündür

A+ A

Vyana, 21 avqust, AZƏRTAC

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Avstriyanın Alpbax regionunda keçirilən ənənəvi illik Avropa Forumunda Türkiyə və Avropa İttifaqı (Aİ) arasında vizasız səyahət rejiminə keçidin hələ də mümkün olduğuna inandığını bildirib. Onun sözlərinə görə, türk vətəndaşları üçün Aİ ölkələrinə vizasız səfər etmək imkanı bu ilin oktyabrından qüvvəyə minə bilər.

Komissiya prezidenti qeyd edib ki, vizasız rejimə keçid üçün Türkiyə müvafiq şərtləri yerinə yetirməli, ilk növbədə isə antiterror qanunvericiliyində bir sıra dəyişikliklər etməlidir.

Yunkerin fikrincə, Türkiyə ilə Avropa İttifaqına üzvlük üçün aparılan danışıqlar bundan sonra da davam etdirilməlidir: “Ona görə yox ki, üzvlük yaxın beş, on il içərisində baş tutacaqdır. Ona görə ki, biz bu ölkə ilə davamlı danışıqlar prosesində qalmalıyıq.”

Komissiya prezidentinin bu mövqeyi son həftələrdə Avstriya hökuməti tərəfindən ciddi tənqidə məruz qalıb və Avropa İttifaqı ölkələri arasında Türkiyə ilə üzvlük müzakirələrinin dayandırılmasına dair debatlara səbəb olub. Avstriyanın federal kansleri Kristian Kern “danışıqlar naminə danışıq” əvəzinə Türkiyə ilə hər iki tərəf üçün maraqlı olan sahələrdə yeni əməkdaşlıq formatı üzərində işləməyi təklif edib.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.