SİYASƏT
Janna Levina: Bakılılar çox mehriban və səmimidirlər
Bakı, 1 oktyabr, AZƏRTAC
V Bakı Beynəlxalq Humanitar Forumu sentyabrın 30-da işini başa çatdırıb. Forumda iştirak edən tarix elmləri doktoru, Omsk Dövlət Pedaqoji Universitetinin ədəbiyyat və kulturologiya kafedrasının professoru, media və multikulturalizm problemləri üzrə ekspert Janna Levina Forum və Bakı haqqında təəssüratlarını bölüşüb.
O deyib: “Bu, hər baxımdan kosmik təəssüratdır, çünki informasiya olduqca çoxdur. Özü də çox yığcam informativ üslubda təqdim edilən informasiyadır. Mənə elə gəlir ki, dünyada mövcud olan az qala bütün problemləri eşitdim, gördüm və hiss etdim, çünki həmin problemlərlə üzləşənlərin özləri danışırdılar. Bütün konfessiyaların nümayəndələrini konkret bir məkanda dinləmək və hər hansı problemin başa düşülməsinə onların nə dərəcədə yaxın olduğunu görmək çox böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin parlaq, emosional, faktlar əsasında çıxışı məndə böyük təəssürat oyatdı. İnsanları xüsusi qeyd etmək istəyirəm. Avropadan fərqli olaraq Bakı elə bir şəhərdir ki, burada formal nəzakət xatirinə deyil, ürəkdən gülümsəyirlər. Avropaya elə gəlir ki, yaxşı nə varsa hamısına nail olub. Bakı isə inkişaf edir və inamla gələcəyə addımlayır. Bakılılar çox mehriban və səmimidirlər, hər bir işi can-başla görürlər.