REGİONLAR
Janna Qandelman: Qax musiqisevərləri məni bu dəfə də çox mehriban qarşıladılar
Qax, 11 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Beynəlxalq Musiqi Festivalında artıq dördüncü ildir iştirak edirəm. İki ildir ki, festival çərçivəsində Qəbələ ilə yanaşı, digər şəhərlərdə də konsertlər veririk. Budəfəki səfərimizdə Balakən və Zaqatalada konsert proqramları ilə çıxış etdik. Avqustun 10-da isə Qax musiqisevərlərinin qonağı olduq. Qax çox gözəl və heyranedici şəhərdir. Şəhərin çox gözəl panoramı var, təbiət mənzərələri olduqca cəlbedicidir.
Bu sözləri VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, Yerusəlim Musiqi Akademiyasının müəllimi, tanınmış violin ifaçısı Janna Qandelman Qaxda AZƏRTAC-a müsahibəsində deyib.
Tamaşaçıların onu çox mehriban qarşıladıqlarını vurğulayan ifaçı keçəndəfəki səfərində də Qaxdan xoş xatirələrlə ayrıldığını diqqətə çatdırıb.
“Ümid edirəm ki, bu ənənə növbəti illərdə də davam edəcək. Qəbələ festivalı çərçivəsində biz Azərbaycanın hər bir guşəsində olacaq, musiqisevərlərə öz ifamızı təqdim edəcəyik”, - deyə Janna Qandelman bildirib.