SİYASƏT
Janna Qolubitskaya: Forum günlərində Bakı həqiqətən tolerantlıq və xalqlar dostluğu rəmzi idi
Rusiyada çıxan “Moskovski komsomolets” qəzetinin müxbiri, IV Beynəlxalq Bakı Humanitar Forumunda iştirak etmiş Janna Qolubitskaya bu möhtəşəm tədbir haqqında təəssüratlarını qəzetin oxucuları ilə bölüşüb.
Janna Qolubitskaya “futurist üslubda inşa edilmiş dəbdəbəli Heydər Əliyev Mərkəzində” forumun açılışı və iştirakçıların müzakirə etdiyi mövzular – qloballaşma şəraitində həm ənənəvi jurnalistika (informasiya agentlikləri və şəbəkə informasiya təchizatçıları) çərçivəsində, həm də sosial jurnalistikada informasiyanın obyektiv işıqlandırılması və adekvat şərhi barədə söhbət açaraq qeyd edir ki, “sosial jurnalistika” deyilən sahədə hər hansı normaların olmaması cəmiyyət üçün real təhlükədir. İndi İnternetə girişi olan hər kəs özünü arxayınca “jurnalist” hesab edə bilər, çünki o, çətinlik çəkmədən öz fikrini bütün dünyadakı saysız-hesabsız İnternet istifadəçilərinə çatdıra bilər.
Müəllif yazır: “Medianın insan şüuruna müsbət təsirinə misal kimi, Azərbaycan Prezidenti ailəsinin şəxsi nümunəsini xatırlatmamaq olmaz. O özü və ailəsi Şərq üçün heyrətamiz dərəcədə cəmiyyət üçün açıq insanlardır. Ölkənin birinci xanımı Mehriban Əliyeva həm Azərbaycanda, həm də başqa ölkələrdə təhsil, səhiyyə, mədəniyyət layihələrini dəstəkləyən Heydər Əliyev Fondunun prezidentidir, qızı Leyla “Baku” jurnalının naşiri və baş redaktoru, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi kimi böyük bir beynəlxalq təşkilatının rəhbəridir. Cazibədar xarici görkəmə, xeyirxah xasiyyətə malik olan, reportyorlar qarşısında özlərini itirməyən, qərbsayağı açıq təsir bağışlayan və eyni zamanda şərqsayağı nəzakət qaydalarını gözləyən Əliyevlər ailəsi Azərbaycanı bütün planetdə ləyaqətlə təmsil edir.
Bizim üçün gözlənilməz oldu ki, forumun açılışı şərəfinə təntənəli naharda Prezident İlham Əliyev, onun həyat yoldaşı Mehriban xanım və qızı Leyla bizimlə - Forumun sıravi nümayəndələri ilə bir masa arxasında əyləşdilər. Prezident, birinci xanım və Leyla Əliyeva çox səmimi və təbii davranırdılar, onlarla söhbət etmək, yanaşı dayanıb birgə şəkil çəkdirmək olardı. Bu, Şərq üçün hələ də çox nadir haldır”.
Janna Qolubitskayanın fikrincə, Forum günlərində Bakı həqiqətən tolerantlıq və xalqlar dostluğu rəmzi idi. Bakıda Avropanın bütün ölkələrinin, o cümlədən Albaniya, Serbiya, Xorvatiya, Monteneqro, Bosniya və Herseqovinanın nümayəndələri, ABŞ-ın Berkli, Santa-Barbara universitetləri kimi aparıcı ali məktəblərini təmsil edən professorların və Nobel mükafatı laureatlarının, politoloq, şərqşünas və siyasətçilərin şəxsində amerikalı qonaqlar bir süfrə arxasında toplaşmışdı. Forumun iştirakçıları arasında üç kral ailəsinin nümayəndələri – Avstriya ershersoqiniyası və Toskana şahzadəsi Kamilla-Mariya Lotringen, Avstriya şahzadəsi Letisiya Françeska Leus, Cənubi Afrika Respublikasında yaşayan vendlər qəbiləsinin kralı və onun əyanları da vardı.
“Moskovski komsomolets” qəzetinin müxbiri sonda yazır: “Bakı şəhəri öz günəşi, gözəlliyi və sadə bakılıların xeyirxahlığı, onlara xas olan daxili ləyaqət hissi ilə, Bakı forumu isə onunla yadımda qalacaq ki, Bakıdakı qonaqpərvər Heydər Əliyev Mərkəzində israilli professorlar İraqdan gəlmiş ilahiyyatçılarla bir süfrədə nahar edir, amerikalı fiziklər isə iranlı neftçilərlə söhbət edir, əllərini dostcasına onların çiyninə toxundururdular. Həftəlik “MK” qəzeti də Bakı kimi tolerantlıq və əməkdaşlıq nümunəsidir. Ümidvaram ki, bir dəfə Bakıda da bu qəzetin regional buraxılışı çıxacaq. Zənnimcə, günəşli Bakıda biz pis görünməzdik”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva