MƏDƏNİYYƏT
“Jara-2017”: Qriqori Lepsin yaradıcılığına həsr olunmuş musiqi gecəsi başlayıb
Bakı, 30 iyul, AZƏRTAC
"Jara-2017" Beynəlxalq Musiqi Festivalının dördüncü – sonuncu günü Rusiyanın Əməkdar Artisti Qriqori Lepsin yaradıcılığına həsr edilib.
AZƏRTAC xəbər verir ki, bir qədər əvvəl başlayan yaradıcılıq gecəsində əvvəlcə səhnəni Lev Leşşenko və Jasmin bölüşüblər. Daha sonra Nikolay Baskov səhnəyə çıxaraq festival günlərində Alla Puqaçovanın və Sofiya Rotarunun yaradıcılıq gecələrinin keçirildiyini xatırladıb və onların repertuarlarından mahnılar səsləndirib.
Gecədə tamaşaçılara sürpriz duetlər, məşhur hitlərin yeni tərzdə ifası, bir-birindən parlaq musiqi nömrələri təqdim olunacaq. Səhnəyə Sergey Lazarev, IOWA, Dima Bilan, Nərgiz, Valeri Meladze, LOBODA, Stas Mixaylov, Aleksandr Panayotov, Diana Arbenina, EMİN, Qlyukoza, Soso Pavliaşvili, Stas Pyexa, Lolita, Aleksandr Marşal və başqaları çıxacaqlar.
Qeyd edək ki, müğənni və bəstəkar EMIN-in, Əməkdar Artist Qriqori Lepsin, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovun birgə təşkilatçılığı ilə ərsəyə gələn bu festivalın iştirakçılarının sayı artmaqdadır. Əgər keçən il Bakıya artistlər, musiqiçilər, rəqqaslar və onları müşayiət edən heyətlərlə birlikdə 500-dən çox qonaq gəlmişdisə, bu il bu rəqəm 800-ü keçib.
"Jara-2017"nin aparıcıları Yana Çurikova, Andrey Malaxov və Maksim Qalkindir.