MƏDƏNİYYƏT


“Jara” Beynəlxalq Musiqi Festivalı ilə bağlı mətbuat konfransı keçirilib

A+ A

Bakı, 9 iyul, AZƏRTAC

İyulun 9-da Xəzər dənizinin sahilindəki “Sea Breeze” istirahət məkanında “Jara” (“İsti günlər”) Beynəlxalq Musiqi Festivalı ilə bağlı mətbuat konfransı keçirilib.

“İsti günlər”in təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında tanınmış musiqiçilər - Emin, Bayqali Serkibayev, Qriqori Leps, Sergey Kojevnikov, Ani Lorak, Filip Kirkorov iştirak ediblər.

Müğənni və bəstəkar Emin mətbuat konfransını açaraq, festivala verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və ailəsinə, həmçinin tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. O, festivalın tərəfdaşı olan və bu musiqi bayramını bir həftədən sonra efirdə yayımlayacaq Rusiyanın Birinci kanalına və AzTV-yə də minnətdarlığını ifadə etdi. Bildirdi ki, festivalı canlı izləyə bilməyənlər bu möhtəşəm tədbirə həmin kanallar vasitəsilə baxmaq imkanı qazanacaqlar. Ümumilikdə festivalda 500-dək qonaq iştirak edəcək.

Festivalın digər təşkilatçısı Sergey Kojevnikov Bakının – festivalın keçirildiyi məkanın heç kəsi laqeyd qoymayacağını, musiqiçilərin və artistlərin tamaşaçılara unudulmaz anlar yaşadacaqlarını dedi. Vurğuladı ki, festivala müxtəlif ölkələri təmsil edən iştirakçılar qatılıblar. Bu isə tədbirin mədəni həyatda əlamətdar hadisəyə çevriləcəyini təsdiqləyir.

Rusiyanın Əməkdar Artisti Qriqori Leps festival iştirakçılarına uğurlar arzuladı. Hər kəsin festivaldan zövq alacağına ümidvar olduğunu bildirdi.

Qazaxıstanlı musiqiçi və bəstəkar Bayqali Serkibayev dedi ki, bu festival hər bir dinləyiciyə hərarət, təbəssüm bəxş edəcək.

Rusiyanın Xalq Artisti Filip Kirkorov festivalın ənənəyə çevriləcəyinə ümidvar olduğunu söylədi. “Harada musiqi var, orada sevgi və dostluq var”, - deyən Filip Kirkorov Bakı kimi gözəl şəhərdə görüşməkdən məmnun olduğunu bildirdi.

Həmkarlarının fikirlərinə şərik olan rusiyalı müğənni Ani Lorak bu festivalda səslənəcək musiqilərin ürəkləri birləşdirəcəyini vurğuladı.

Sonda mətbuat konfransının iştirakçıları qonaqpərvər Azərbaycan tamaşaçılarına minnətdarlıqlarını ifadə etdilər.

Qeyd edək ki, festivalın qonaqlarını iki gün ərzində Rusiyanın ən yaxşı artistlərinin parlaq nömrələri, möhtəşəm qırmızı cığır, çoxsaylı müsahibələr gözləyir. Tədbiri ən yaxşı quruluşçu rejissorlar hazırlayırlar. “İsti günlər” festivalı elə planlaşdırılıb ki, ifaçılar həm səhnədə, həm də zalda gəzişəcəklər. Beləliklə, qonaqlar interaktiv prosesə və televiziya versiyasına cəlb olunacaqlar.

“İsti günlər” Beynəlxalq Musiqi Festivalı hər il keçiriləcək. Əgər builki proqram iki gün üçün nəzərdə tutulubsa, gələn il artıq üç-dörd gün çəkəcək, artistlərin və çıxışların sayı da artacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.