MƏDƏNİYYƏT
“Jara” Beynəlxalq Musiqi Festivalının ikinci hissəsi Rusiyanın Birinci kanalında
Bakı, 30 iyul, AZƏRTAC
Bakıda “Sea Breeze” istirahət məkanında keçirilmiş “Jara” Beynəlxalq Musiqi Festivalının ikinci gününün konserti bu gün Rusiyanın Birinci kanalında yayımlanır.
Xatırladaq ki, festivalda Qriqori Leps, Polad Bülbüloğlu, Filip Kirkorov, Stas Mixaylov, Polina Qaqarina, Vladimir Presnyakov, Nyuşa, Leonid Aqutin, Sergey Lazarev, Timati, “A-Studio”, Nikolay Baskov, Valeriya, Ani Lorak, Emin, Aleksey Vorobyov, “MBAND”, Potap və Nastya dueti, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, “Rast” qrupu, Səmra Rəhimli, Burito, “A-DESSA” qrupu, Ciqan, Svetlana Loboda, Yeva Polna, N`everqrin, Vlad Sokolovski, Yulianna Karaulova və bir çox digər artistlər iştirak ediblər. Festival nəinki Azərbaycanın, həm də Rusiyanın həyatında mühüm mədəni hadisəyə çevrildi.
Rusiyanın 70-dək KİV-i - “Lifenews”, “Spletnik”, “Woman”, “7days”, “Hello”, “Starhit”, “Woman’s day”, “OK!”, “Peopletalk”, “Komsomolskaya pravda” və digərləri, sosial şəbəkələr “Jara” festivalından bəhs etdi. Festivala dair foto və maraqlı məlumatlar KİV-in və sosial şəbəkələrin əsas səhifələrini, sözün yaxşı mənasında, zəbt etdi. Yayılan materiallarda vurğulanırdı ki, bu festival əsl musiqi bayramına çevrilməklə həm iştirakçıların, həm də qonaqların yaddaşında uzun müddət qalacaq. Bakıdakı xoş mühit, iqlim, dəniz, mətbəx, yüksək şərait festivalı yaddaqalan və unudulmaz etdi. Təşkilatçılardan biri Sergey Kojevnikov Rusiya KİV-nə müsahibəsində festivala göstərilən dəstəyə görə Prezident İlham Əliyevə və ailəsinə səmimi minnətdarlığını bildirib.
Müğənni və bəstəkar Emin, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovun təşkilatçılığı ilə keçirilən bu festival Azərbaycanda baş tutan daha bir uğurlu beynəlxalq mədəni tədbir kimi tarixə düşdü. Bu möhtəşəm festivalın baş tutması Azərbaycanın belə tədbirləri keçirmək üçün geniş imkanlarını bir daha nümayiş etdirdi.