SİYASƏT


Jean Asselborn: Ötən 25 ildə Lüksemburq ilə Azərbaycan arasında əməkdaşlıq uğurla inkişaf edib

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və immiqrasiya naziri Jean Asselborn arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda Azərbaycan və Lüksemburq arasında sıx əməkdaşlıq əlaqələrinin, səmərəli siyasi dialoqun bərqərar olunduğunu qeyd edib, 2015-ci ildə ölkəmizdə təşkil olunmuş birinci Avropa Oyunları zamanı Lüksemburq Böyük Hersoqu əlahəzrət Anrinin Azərbaycana səfərinin bunun bariz nümunəsi olduğunu bildirib.

Elmar Məmmədyarov 2016-cı ilin aprelində Lüksemburqda keçirilmiş XİN-lərarası məsləhətləşmələrin ikitərəfli əlaqələrdə səmərəli təcrübənin əsasını qoyduğunu, həmçinin gələcək münasibətlərin inkişafı üçün zəngin gündəlik müəyyən etdiyini diqqətə çatdırıb. Bu xüsusda, sözügedən məsləhətləşmələrin növbəti mərhələsinin 2018-ci ilin ikinci yarısında Bakıda keçiriləcəyinə ümid etdiyini vurğulayıb.

Nazir Lüksemburqun Avropa İttifaqı çərçivəsində də Azərbaycanın vacib tərəfdaşlardan biri olduğunu bildirib. Prezident İlham Əliyevin Avropa İttifaqı təsisatlarına etdiyi son səfəri zamanı danışıqlarına rəsmi başlanğıc verilmiş Azərbaycan Respublikası və Aİ arasında strateji tərəfdaşlığa dair sazişin hüquqi çərçivəni təmin etməklə, Aİ-Azərbaycan münasibətlərinin inkişafı üçün möhkəm özül yaradacağına əminliyini ifadə edib.

Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və immiqrasiya naziri Jean Asselborn Elmar Məmmədyarova ünvanladığı məktubunda Lüksemburq və Azərbaycanın ötən müddət ərzində müxtəlif sahələrdə praqmatik və uğurlu əməkdaşlığın inkişaf etdirilməsinə, iki ölkəni birləşdirən əlaqələrin gücləndirilməsinə, hər iki xalqın bir-birini tanıması prosesinin dərinləşdirilməsinə və iki dövlət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə nail olunduğunu qeyd edib.

J.Asselborn ikitərəfli münasibətlərin geniş potensialı olduğunu vurğulayıb, bu ildönümün əlaqələrin daha da yüksək səviyyəyə qalxması və iki dövlətin qarşılıqlı maraqları naminə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaradacağına əminliyin ifadə edib.

Nazir Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.