REGİONLAR


Jean Claude Forestier: Naxçıvan tolerantlığı, müasirliyi və xüsusi qonaqpərvərliyi ilə bizdə böyük təəssürat yaratdı

A+ A

Naxçıvan, 1 dekabr, AZƏRTAC

Fransa vətəndaşı, səyahətçi və rejissor Jean Claude Forestier Naxçıvan Muxtar Respublikasına həsr olunmuş məqaləsini 5 milyon istifadəçisi olan və 10 milyondan çox jurnalın nəşr edildiyi www.calameo.com  portalına yerləşdirib.

Bu il oktyabrın 18-də Naxçıvana səfər edən Jean Claude Forestier məqalədə qeyd edib ki, nadir yerlərdən biri olan bu ərazi Qafqaz regionunda yerləşir və Azərbaycan Respublikasının tərkibində muxtar respublikadır. Ermənistan ilə Azərbaycan arasında mövcud olan münaqişəyə görə bu bölgə ərazi cəhətdən Azərbaycandan tamamilə ayrı düşüb. Yalnız hava yolu ilə paytaxtla əlaqə yaratmaq mümkündür.

Müəllif yazır: “Naxçıvanın tarixi çoxşaxəli və mürəkkəbdir. Biz oktyabr ayında Naxçıvanda səfərdə idik. Bu əraziyə turistlər səfər edir. Bəzi turistlər demək olar ki, yalnız tək bir gecəni burada keçirirlər. Biz isə Naxçıvanda 3 gün qaldıq və ərazini tədqiq etdik... Ərazi kiçik olsa da, memarlıq baxımından zənginliyi ilə seçilir. Ərazidəki əksəri müsəlman və türk memarlıq üslubunda tikilmiş abidələrin incəliyi və geometrik detalları insanı heyran edir. Abidələr çox mükəmməl şəkildə yenidən bərpa olunub. Naxçıvan, həmçinin Nuh peyğəmbərin vətəni olması ilə də qürur duyur. Nuh peyğəmbərin gəmisi Naxçıvandakı dağa toxunub. Naxçıvanqala kompleksinin yaxınlığında Nuh peyğəmbərin məqbərəsinin olması buranın mühüm ərazi olduğunu təsdiq edir”.

Gülüstan və Möminə xatın türbələrinin inşasında bişmiş kərpicdən istifadə olunduğunu yazan Jean Claude Forestier qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının rəmzi hesab olunan və üzərində hazırda təmir işləri aparılan Qarabağlar türbəsi Azərbaycanın abidələri arasında ən möhtəşəmlərindən biridir.

Əshabi-Kəhf ziyarətgahı barədə qeydlərini oxucularla paylaşan müəllif bildirib ki, Azərbaycanın imicini formalaşdıran Naxçıvan tolerantlığı, müasirliyi və xüsusi qonaqpərvərliyi ilə bizdə böyük təəssürat yaratdı. O vurğulayıb ki, Naxçıvanda olan digər nadir ərazilərdən biri də duz mədənidir. Qədim dövrdən istismara verilən bu mədən yalnız İkinci Dünya müharibəsindən sonra tibbi məqsədlər üçün istifadə edilib və sanatoriyaya çevrilib. Oradakı mağara, oyulmuş duzlar və xüsusi olaraq xəstələrin gecəni keçirmələri üçün yerləşdirilmiş yataqlar diqqəti çəkir.

Qeyd edək ki, www.calameo.com portalında 7 dildə elektron jurnallar, broşürlər, məlumatlar, xəbər bülletenləri, təqdimatlar, kataloqlar və kitablar nəşr olunur.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.