SİYASƏT
“Jewish Journal”: Azərbaycan şiəlik və sünnilik arasında unikal harmoniya ölkəsidir
Vaşinqton, 20 may, AZƏRTAC
Amerikada çıxan “Jewish Journal” nəşrində Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin “Azərbaycan şiəlik və sünnilik arasında unikal harmoniya ölkəsidir” sərlövhəli məqaləsi dərc edilib. Müəllif yazır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfinə belə adlanmış Heydər məscidi açıldığı gündən sülh, tolerantlıq və həmrəylik məkanına çevrilib.
Prezident İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan edib. O vaxtdan hər həftənin cümə günündə Heydər məscidində şiələr və sünnilər birgə ibadət mərasimi keçirir. Ümumi ibadət mərasimi növbə ilə bu məscidin şiə axundları və sünni imamları tərəfindən idarə edilir.
Cümə günləri keçirilən dini mərasim Azərbaycanda əsrlər boyu həmrəylik şəraitində yaşamış şiələr ilə sünnilər arasında tarixi sülh və həmrəylik sisteminin rəmzidir. Dünyanın başqa ölkələrində sünnilərlə şiələr arasında zorakılıq və qarşıdurma hallarını nəzərə alsaq, bu birgə dua mərasimi dinc yanaşı yaşamaq və harmoniya barədə inandırıcı ismarıc və dinc yanaşı yaşamağın mümkün olmasının təsdiqidir.
Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri daha sonra yazır ki, Azərbaycanda dağ yəhudiləri və aşkenazi yəhudiləri tam identiklik, dini mərasimlərin icrası baxımından azaddırlar. Müəllif vurğulayır ki, Azərbaycanda pravoslav xristianlar, katolik, lüteran və yevangeliye kilsələrinin üzvləri də bu cür azadlığa malikdirlər.
M.Yevdayev sonda qeyd edir ki, dinlər arasında sülhə nail olmaq üçün Azərbaycanın təcrübəsini hərtərəfli öyrənmək lazımdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton