QAN YADDAŞI


“Jewish Journal”: “Qara Yanvarın ildönümündə yəhudi bacıma məktub”

Vaşinqton, 18 yanvar, AZƏRTAC

Amerikada çıxan “The Jewish Journal” nəşrində Xocalı qətliamının şahidi Dürdanə Ağayevanın “Qara Yanvarın ildönümündə yəhudi bacıma məktub” adlı məqaləsi dərc edilib. Məqalənin müəllifi 1990-cı ilin yanvarında Bakıda törədilmiş faciəli hadisələrin qurbanlarından birinə - Vera Bessantinaya müraciət edir. D.Ağaeva Qara Yanvarın başqa qurbanları ilə birlikdə Şəhidlər xiyabanında dəfn edilmiş Vera ilə sanki canlı həmsöhbət kimi danışaraq 1990-cı ili xatırlayır. O vaxt ki, Bakıya silahlı müdaxilə etmiş sovet qoşunlarının 26 minlik kontingenti qarşısına çıxan hər kəsi qırırdı. Azərbaycanın yüzlərlə dinc sakini öldürüldü. Müəllif yazır: “Bu, sovet lideri Mixail Qorbaçovun sovet zülmündən azad olmağa çalışan şəhəri və xalqı cəzalandırmaq üçün son cəhdi idi”.

Öz mənzilində snayper atəşi ilə qətlə yetirilmiş 16 yaşlı Veraya müraciət edən Dürdanə Ağayevanın yazdığı kimi, o, heç təsəvvür edə bilməzdi ki, cəmi iki ildən sonra Xocalının bütün sakinləri kimi o da eyni aqibəti yaşayacaq, lakin bu dəfə Azərbaycanın dinc əhalisi erməni qoşunları tərəfindən qırğına məruz qalacaq. “Human Rights Watch” hüquq-müdafiə təşkilatının “münaqişə zonasında ən iri kütləvi qırğın” adlandırdığı Xocalı qətliamında 613 dinc sakin, o cümlədən çoxsaylı uşaqlar, qocalar və qadınlar qətlə yetirilib.

Müəllif daha sonra 1991-ci ilin oktyabr ayında Azərbaycanın müstəqilliyinin bərpa olunması barədə yazır. O qeyd edir ki, Azərbaycan yəhudiləri, həmçinin onların müsəlman və xristian həmvətənləri bu ölkəni Vətən adlandırırlar.

Müəllif Veraya müraciətinin sonunda yazır: “Bu gün sənin xatirən Bakıda, bütün dünyadan buraya gələn insanların ziyarət etdiyi Şəhidlər xiyabanında əbədiləşdirilib. Hər il bu faciənin ildönümündə mən səni, sənin həyatını və bu həyatdan necə məhrum edildiyini xatırlayıram. Həmin gün, bizim keçmiş üzərində qələbəmiz və millətimizin azadlığa sonsuz sədaqəti heç vaxt unudulmayacaq”.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.