CƏMİYYƏT
“Jurnalistika dəyərləri və demokratik cəmiyyət quruculuğu” mövzusunda müzakirələr aparılıb
Bakı, 16 avqust, AZƏRTAC
Avqustun 16-da “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi “Jurnalistika dəyərləri və demokratik cəmiyyət quruculuğu” mövzusunda “dəyirmi masa” keçirib.
AZƏRTAC xəbər verir ki, bu tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşan “Jurnalistikanın təbliği istiqamətində maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində dördüncü – sonuncu toplantıdır.
Tədbirdə “Zərdabi Mətbuat Mərkəzi” İB-nin sədri Rəhim Hüseynzadə rəhbəri olduğu layihənin məqsəd və vəzifələri barədə məlumat verib. O bildirib ki, “Jurnalistikanın təbliği istiqamətində maarifləndirici tədbirlərin keçirilməsi” layihəsinin məqsədi ali məktəblərin jurnalistika fakültələrinin magistr pilləsinə qəbulda tətbiq edilən qabiliyyət testi barədə tələbə-gəncləri məlumatlandırmaqdır. “Bildiyiniz kimi, hazırda humanitar sahənin bakalavrları ilə yanaşı, digər ixtisas qruplarını bitirənlərin də magistr pilləsində jurnalistikanı seçmələrinə imkan yaradılıb. Layihəmiz bu imkan barədə tələbə-gəncləri məlumatlandırmaq məqsədi daşıyır. Ötən dörd ayda Azərbaycan Dövlət Aqrar Universitetində, Lənkəran Dövlət Universitetində və Mingəçevir Dövlət Universitetində görüşlərimiz olub. Hesab edirəm ki, tədbirlər uğurlu keçib. Biz gənclərə jurnalistikamızın keçmişi və bu günü barədə məlumat verdik. Tələbələrin marağı böyükdür. Ümumən hər bir kəsin jurnalist olmaq istəyi var. Sadəcə bu istək doğru şəkildə ifadəsini tapmalıdır. Bunun yolu isə təhsildən keçir. Düşünürəm ki, layihəmizin bakalavr tələbələrin gələcək təhsillərində jurnalistikanı seçmələrinə töhfəsi olacaq. Bununla jurnalistikamızda ixtisaslaşma da dərinləşəcək”, - deyə R.Hüseynzadə vurğulayıb.
Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında jurnalistikanın ixtisaslaşmasının vacibliyini əsaslandırıb. Layihənin əhəmiyyətinə toxunan V.Rəhimzadə bildirib ki, gənclərin jurnalistikaya yiyələnmələrinə şərait yaradılması ümumən cəmiyyətin maraqlarından qaynaqlanır. Çünki cəmiyyət üzvləri belə peşəkarların sayəsində daha səlist materiallarla tanış ola, ölkənin ictimai həyatına daha mükəmməl şəkildə köklənə bilərlər. Bu isə demokratik cəmiyyət quruculuğu prosesinin dərinləşməsinə mühüm dəstəkdir.
MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli jurnalistikanın ixtisaslaşmasının, eyni zamanda, bu sahədəki mənfi meyllərin aradan qaldırılmasına kömək olduğunu diqqətə çatdırıb. O, ali məktəblərin jurnalistika fakültələrinin bakalavr və magistr pilləsinə qəbulda keçirilən qabiliyyət imtahanlarının xüsusiyyətlərindən danışıb. M.Ələsgərli bildirib ki, cəmiyyətdə jurnalistika dəyərlərinin təbliği nəticəsində imtahanlarda iştirak edənlərin kəmiyyətinin və keyfiyyətinin artırılması mümkündür.
Tədbirdə digər çıxış edənlər mövzunun əhəmiyyətinə toxunaraq ümumən jurnalistikanın ictimai həyatdakı rolundan danışıblar.