ELM VƏ TƏHSİL
Jurnalistika fakültəsinin tələbələri “Peer 2 Peer” proqramında iştirak edirlər
Bakı, 18 may, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) jurnalistika fakültəsinin beynəlxalq jurnalistika kafedrasının müəllimi Vəfa İsgəndərova və fakültənin 11 tələbəsi “Solution” komandası ilə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət bürosunun təşkil etdiyi “Peer 2 Peer” adlı ekstremizmlə mübarizə proqramında iştirak edirlər.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən beynəlxalq jurnalistika kafedrasına təqdim edilən proqramın əsas mahiyyəti sosial media üzərindən ekstremizm əleyhinə mübarizə aparmaq (təlimlər, sosial çarxlar, treninqlər, müxtəlif yayım məhsulları vasitəsilə və s.) və sülhməramlı inkişafa dəstək olmaqdır.
Qeyd edək ki, bu proqrama hər il dünyanın 300-dən çox universitetinin komandası qoşulur. Universitetin “Solution” komandası üç mövzu – gender problemi, yaş ayrı-seçkiliyi və fiziki qüsurlu insanlara dəstək məsələləri üzrə iş aparırlar.
Müvafiq proqram çərçivəsində tələbələr “Gender bərabərliyi” mövzusunda təlim keçirib, mövzu ilə bağlı təqdimat göstərib, geniş müzakirə aparıb, cəmiyyətdən təcrid olunmuş, atılmış qadınların problemləri ilə daha yaxından maraqlanıb və mediada işıqlandırıblar.
“Solution” komandasının müxtəlif sosial şəbəkələrdə səhifələri, eyniadlı saytı var.