ELM VƏ TƏHSİL


Jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrların nəzərinə!

Bakı, 21 aprel, AZƏRTAC

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün müraciət edə bilərlər.

Həmin bakalavrlar aprelin 21-dən 30-dək Dövlət İmtahan Mərkəzinin (DİM-in) internet saytında qeydiyyatdan keçməli və mayın 3-dən 5-dək qabiliyyət imtahanı verməlidirlər.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər.

Jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyənlər aprelin 21-dən 30-dək DİM-in internet saytının müvafiq səhifəsində həmin ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər. Anketin bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. Anketi doldurmaqla qeydiyyatdan keçən bakalavrlar mayın 2-də “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və mayın 3-dən 5-dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə şəxsiyyəti təsdiqləyən sənədi, “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni, dövri mətbuatda, radio və televiziyada, internet KİV- lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda) mütləq gətirməlidirlər.

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 1 saat (30 dəqiqə imtahan biletinə hazırlaşmaq və 30 dəqiqə biletin suallarını cavablandırmaq üçün) vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir. Redaksiya tapşırığı yazılı formada yerinə yetirilir. Hər bir biletin quruluşu təxminən aşağıdakı kimidir:

1. Bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların qiymətləndirilməsi;

2. Şifahi müsahibə;

3. Bakalavrın ona imtahanda təqdim olunan mətbuat materialını təhlil və redaktə etməsi;

4. İmtahanda verilmiş redaksiya tapşırığının bakalavr tərəfindən yerinə yetirilməsi.

Qabiliyyət imtahanı haqqında ətraflı məlumat “Magistr” jurnalının üçüncü nömrəsində dərc ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.