ELM VƏ TƏHSİL
Jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib
Bakı, 31 iyul, İbrahim Əsədov, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün iyulun 31-də qabiliyyət imtahanı keçirib.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə aprelin 1-dən 30-dək jurnalistika ixtisasına qəbul olunmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçən və üçüncü ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak ediblər.
İmtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Göyçay və Şirvan şəhərlərində təşkil olunub.
Saat 11.00-da başlanan imtahan saat 13.30-da başa çatıb.
Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazıblar.
Qiymət həm yazılan inşanın məzmununu, həm də yazı savadını nəzərə almaqla verilir. Yazı işi bir sıra meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul” ilə qiymətləndirilir.
Jurnalistika ixtisasına qəbul olunmaq üçün 496 abituriyent qeydiyyatdan keçib. Onlardan 341-i üçüncü ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb.