CƏMİYYƏT


Jurnalistika ixtisasına qəbul olunmaq istəyənlər iyulun 29-da qabiliyyət imtahanı verəcəklər

A+ A

Bakı, 27 iyul, AZƏRTAC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, bu mərhələdə aprelin 1-dən 28-dək jurnalistika ixtisasına qəbul olunmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və üçüncü ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edəcəklər.

Bakıda və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay və Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq imtahan saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək.

Abituriyentlər imtahanda iştirak etmək üçün tələb olunan “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytından (https://eservices.tqdk.gov.az/brxvjur/?frm=egov) çap edə bilərlər. Bu sənəddə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Jurnalistika ixtisasına qəbul olunmaq üçün 815 abituriyent qeydiyyatdan keçib. Onlardan 539-u üçüncü ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Bu mərhələdə iştirak edəcək abituriyentlərdən 129-u oğlan, 410-u qızdır.

Abituriyentlərdən 509-u Azərbaycan, 30-u isə rus bölməsi üzrə imtahan verəcək. Onlar imtahana özləri ilə şəxsiyyəti təsdiqləyən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər.

Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının, KİV-lərin nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq, Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir. İnşa abituriyentin təklif olunmuş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti düşündürən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.

Abituriyent inşanı yazarkən mövzunu açmalı və dolğun əhatə etməli, yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli, ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu göstərməli, ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməlidir. Onlar, həmçinin fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına müvafiq olaraq ifadə etməli, fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidirlər. Beləliklə, inşa səliqəli, oxunaqlı və aydın yazılmalıdır.

Qiymət həm yazılan inşanın məzmununu, həm də yazı savadını nəzərə almaqla verilir. Yazı işi bir sıra meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul” ilə qiymətləndirilir. “Qeyri-məqbul” qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, başqa mövzuda yazılmış, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, abituriyentin özü haqqında hər hansı məlumat yazdığı və ya işarə vurduğu, altı və daha çox dil və nitq səhvi olan yazılara verilir.

Yazı işi qiymətləndirilən zaman verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə materialı, əsas fakt və hadisələri bilmə, abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun açılma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması, çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması, yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi, yazı işinin ədəbi dilin fonetik, leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına tam riayət etməklə tərtib olunması kimi meyarlar nəzərə alınır.

Yazıda abituriyentlərin özləri haqqında hər hansı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri, eləcə də başqa mövzuda, həmçinin bir səhifədən (150 sözdən) az həcmdə yazılmış inşalar “sıfır” balla qiymətləndiriləcək. İnşa 2–4 səhifədən ibarət (ən azı 300 söz) olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.