SİYASƏT


Jurnalistikaya xələl gətirən “qəzet” və “sayt” rəhbərləri cəzalandırılmalıdır

Bakı, 7 dekabr, AZƏRTAC

Dövlət Təhlükəsizliyi Xidməti ölkəmizdə “reket” jurnalist fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı mübarizə tədbirləri həyata keçirir. İnsanların intim videogörüntülərini yaymaqla şantaj edilməsinə, hədə-qorxu ilə onlardan pul tələb olunmasına görə bir neçə nəfər artıq həbs edilib.

Bunu “İki sahil” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının “reket” jurnalistikaya qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

Kimliyindən, cəmiyyətdəki statusundan asılı olmayaraq, jurnalistikaya xələl gətirən, insanlara, cəmiyyətə qarşı mənəvi terror həyata keçirən, bu müqəddəs peşəyə ləkə olan “qəzet” və “sayt” rəhbərlərinin hüquqi çərçivədə cəzalandırılmasının vacibliyini vurğulayan V.Rəhimzadə deyib: “Bu gün Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədə təmin edilir. İnsanlar ictimaiyyət üçün nəzərdə tutulan xəbərləri, məlumatları rahat şəkildə əldə edə və yaya bilirlər. Siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs sərbəst və açıq şəkildə öz fikirlərini ifadə edir. Təbii ki, bu, qanun çərçivəsində olmalıdır. Lakin bəzən yaradılmış şəraitdən sui-istifadə edənlər də peyda olur. Belələri jurnalist adına ləkə gətirməklə yanaşı, qanunazidd əməllər törədirlər. Onları təhqir edir, böhtan atır, şəxsi və ailə həyatına müdaxilə edirlər. Bu, jurnalistikanın prinsiplərinə ziddir və cəmiyyətə qarşı mənəvi terror həyata keçirmək deməkdir. Belə hallara qətiyyən yol vermək olmaz. Qanunu pozan hər kəs öz əməlinə görə cavab verməli, cəzasını almalıdır”.

Dövlət Təhlükəsizliyi Xidmətinin “reket” jurnalist fəaliyyəti ilə məşğul olanlara qarşı keçirdiyi əməliyyatları ictimai mühitin və eyni zamanda, jurnalistikanın sağlamlaşdırılması istiqamətində uğurlu addım kimi qiymətləndirən komissiya sədri qeyd edib: “Mətbuat Şurası fəaliyyətinin bütün dövrlərində “reket” jurnalistlərə qarşı mübarizə aparıb. Təəssüf ki, həmin şəxslərin adları Mətbuat Şurasının “qara siyahı”sına salınsa da, bu cür fəaliyyətlə məşğul olan media orqanlarına dəfələrlə xəbərdarlıq edilsə də, onlar öz çirkin əməllərindən əl çəkməyiblər. Əvəzində yeni qəzet və saytlar yaradaraq, qanunazidd fəaliyyətlərini davam etdiriblər. Bu mənada Dövlət Təhlükəsizliyi Xidmətinin “reket” jurnalistlərə qarşı keçirdiyi əməliyyatları yüksək qiymətləndirirəm. Hesab edirəm ki, cəmiyyət bu cür ünsürlərdən təmizlənməlidir”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, hazırda Mətbuat Şurasının “qara siyahısı”nda yüzə yaxın kütləvi informasiya vasitəsinin adı var. Mətbuat Şurası “reket” jurnalist fəaliyyəti ilə məşğul olanlara qarşı mübarizəni bundan sonra da davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.