CƏMİYYƏT


Jurnalistlər ekoloji təlimdə iştirak ediblər

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Meşə Qanunvericiliyinin Güclənməsi və İdarə edilməsinə dair II Proqramı (FLEG II) çərçivəsində jurnalistlər üçün ekoloji təlim keçirilib.

Nümayəndəlikdən AZƏRTAC-a bildirilib ki, İsmayıllı rayonunda təşkil olunan təlimdə paytaxt və regionlardan 30-a yaxın jurnalist iştirak edib. Tədbir jurnalistləri Azərbaycanın milli meşə fondu və siyasətinin əsas aspektləri, meşə idarəçiliyində mövcud problem və çətinliklər, FLEG II layihəsi və nəticələri barədə ətraflı məlumatlandırmaq, onları Avropa meşə idarəçiliyi modeli ilə yaxından tanış etmək və medianın mühafizə tədbirlərində mühüm rolunu vurğulamaq məqsədi daşıyıb.

Layihənın əlaqələndiricisi Könül Əhmədova açılış mərasimində çıxış edərək jurnalistlər üçün keçirilən belə ekoloji təlimlərin əhəmiyyətindən danışıb. Daha sonra layihənin milli məsləhət şurasının sədri Şamil Hüseynov “Ətraf mühit və təbii sərvətlərdən istifadəyə dair milli qanunvericiliyin əsas aspektləri”, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin bölmə müdiri Sadiq Salmanov “Azərbaycanın milli meşə fondu, meşələrin idarə edilməsi” mövzularında çıxış ediblər.

Proqramın Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (IUCN) və Dünya Bankı tərəfindən əlaqələndiricisi Azər Qarayev, Azərbaycan Yaşıl Tikinti Şurasının direktoru Fuad Bağırov, Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin nümayəndəsi Lalə Dadaşova da jurnalistlər üçün maraqlı təqdimatlar ediblər.

Ümumdünya Təbiəti Mühafizə Fondunun Meşələr və Mühafizə olunan Ərazilər Proqramının rəhbəri Kostel Bucur Rumıniyada qeyri-qanuni oduncaq tədarükünün qarşısının alınmasında medianın roluna dair məruzə edib və iştirakçıların suallarını cavablandırıb. Bununla yanaşı, “Yaşıl qələm” müəllimlərin və jurnalistlərin təhsil şəbəkəsinin nümayəndəsi, təlimçi Elçin Sərdarovun təqdimatı əsasında ekoloji jurnalistika, ekoloji terminologiyalardan düzgün istifadə, ekoloji xəbərlərin yazılması və digər mövzular ətrafında müzakirələr aparılıb, interaktiv tapşırıqlar yerinə yetirilib.

Jurnalistlər, həmçinin İsmayıllı Meşə İdarəsinin nəzdində Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin başqa bir layihəsi çərçivəsində təşkil olunmuş tingliyə və bərpa edilmiş 300 hektara yaxın meşə ərazisinə ekskursiya edərək görülən işlərlə yerində tanış olublar.

Sonda iştirakçılar arasında FLEG II Proqramının meşə idarəçiliyində rolu haqqında üç nominasiya - ən yaxşı məqalə, ən yaxşı foto-video material və ən yaxşı video süjet üzrə müsabiqə elan edilib. Qaliblərin seçilməsi və mükafatlandırılması sentyabr ayı üçün nəzərdə tutulur.

Qeyd edək ki, FLEG II Proqramı Avropa İttifaqının maliyyə dəstəyi ilə WWF, IUCN və Dünya Bakı tərəfindən 7 ölkədə (Azərbaycan, Ermənistan, Belarus, Moldova, Rusiya, Rumıniya və Ukrayna) icra edilməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.