SİYASƏT


Jurnalistlər onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezidentə minnətdarlıq edirlər

Bakı, 24 iyul, AZƏRTAC

İyulun 20-də, Milli Mətbuat Günü ərəfəsində Prezident İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilən ikinci yaşayış binası istifadəyə verildi. Dövlətimizin başçısının bu nəcib təşəbbüsü sayəsində daha 255 media işçisi mənzil sahibi oldu. Həmin gün üçüncü binanın da təməli qoyuldu.

AZƏRTAC xəbər verir ki, bu günlər redaksiyaların kollektivləri, yeni mənzilin sevincini yaşayan media işçiləri Prezidentə çoxsaylı təşəkkür məktublar ünvanlayırlar. Bu məktublarda dövlətimizin başçısına istər mətbuatın inkişafı istiqamətində atdığı davamlı addımlara, istərsə də jurnalistlərə göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlıq duyğuları ifadə olunur.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin redaksiya kollektivi adından yazdığı məktubda deyilir: “Möhtərəm cənab Prezident, “Səs” qəzetinin kollektivi olaraq, ilk növbədə, Sizi növbəti dəfə “Jurnalistlərin dostu” adına layiq görülməyiniz münasibətilə təbrik edirik. Belə ki, ölkəmizin bütün media təmsilçiləri Sizi özlərinə dost biliblər və bu dostluğun təməli hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Ulu Öndər daim mətbuata ata qayğısı göstərərək, KİV-lərin inkişafı üçün mühüm qərarlar və tapşırıqlar verib. Bu gün isə həmin ənənə Sizin rəhbərliyiniz, diqqət və qayğınız nəticəsində tərənnüm olunmaqdadır.

Jurnalistlərə fəxri adların verilməsi, mətbu orqanlara birdəfəlik yardımların ayrılması, ən əsası isə jurnalistlərin mənzil-məişət problemlərinin aradan qaldırılması istiqamətində dünyada analoqu olmayan sərəncamların imzalanması bu gün ölkəmizdə mətbuatın dövlətin diqqət mərkəzində olduğunu bir daha sübut edir. Ənənə şəklini almış bu cür ardıcıl töhfələr, media nümayəndələrinə verilən mənzillər, atılan hər bir addım biz jurnalistlərin böyük sevincinə səbəb olur.

“Səs”çilər də Sizin qayğınızdan fərəh və qürur hissi keçirir, fəaliyyətinizdə uğurlar və yeni-yeni zəfərlər arzulayır, sonsuz minnətdarlığını bildirir”.

Prezidentə digər bir məktub “Trend” Beynəlxalq İnformasiya Agentliyi, “Day.az”, “Milli.az” xəbər portalları və “Azernews” qəzetinin kollektivləri adından ünvanlanıb. Məktubda deyilir: “Möhtərəm cənab Prezident, Sizin zəngin və şərəfli tarixə malik Azərbaycan mətbuatının tərəqqisi istiqamətində ardıcıl gördüyünüz işlər, kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyiniz maddi dəstək, media işçilərinə qayğı və diqqətiniz dünya miqyasında bənzəri olmayan bir təcrübə, örnəkdir. Xüsusilə, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tərəfinizdən imzalanan Sərəncam əsasında jurnalistlər üçün 255 mənzilli ikinci binanın inşa edilməsi nəinki media işçiləri, eləcə də çoxmilyonlu xalqımız tərəfindən yüksək qarşılanıb. Bizə göstərdiyiniz bu qayğı və etimadı doğrultmaq üçün bundan sonra da Sizin rəhbərliyiniz altında Azərbaycan dövlətçiliyinin inkişafı, Vətənimizin rifahı, haqq sözümüzün dünyaya çatdırılması istiqamətində gördüyümüz işi daim var gücümüzlə davam etdirəcəyik”.

Əməkdar Jurnalist Azər Həsrət Prezident İlham Əliyevin 22 iyul - Milli Mətbuat Günü ərəfəsində 255 jurnalisti mənzillə təmin edərək, onların ailələrinə sevinc bəxş etdiyini vurğulayaraq yazır: “Sizin bu xalqyönümlü humanist siyasətiniz bir daha təsdiq edir ki, hər bir azərbaycanlının Prezidenti olacağınızla bağlı verdiyiniz vəd sadəcə söz deyil. Siz biz jurnalistlərin yaxın dostu, ən çətin anlarımızda himayədarımızsınız. Biz Azərbaycan jurnalistləri istər ölkə içində, istərsə də ölkədən xaricdə olanda həmişə özümüzü yalnız ona görə güvəndə hiss edirik ki, arxamızda məhz Sizin kimi Prezident dayanır. Biz həmişə Sizi özümüzə güvən yeri, dayaq bilmişik və buna görə də heç vaxt yanılmamışıq. Ona görə də, izn verin, jurnalistlər üçün tikdirdiyiniz 2-ci binanın təhvil verilməsi və 3-cü binanın təməlinin atılması münasibətilə Sizə dərin təşəkkürümü ifadə edim. Biz Sizinlə fəxr edirik, qürur duyuruq.

Biz Sizi özümüzə hər zaman ən yaxın dost kimi görürük. Buna görə də Sizin siyasətinizi bundan sonra da tam gücümüzlə dəstəkləməyə davam edəcəyik”.

Sumqayıt şəhərindən Ləman Ağayeva 255 jurnalist kimi, onun da ailəsinə yaşatdığı sevincə görə dövlətimizin başçısına təşəkkür edir: “Cənab Prezident, bizi, sözün həqiqi mənasında, xoşbəxt etdiniz. Dünyanın heç bir ölkəsində, həm də qlobal böhranlar dövründə jurnalistlər bu qədər diqqət və qayğı ilə əhatələnməyib. Həmin sevincdən bizim ailəyə də pay düşdü. Anam Aida Eyvazovanın 35 illik jurnalist fəaliyyətini dəyərləndirdiniz. Ailəmizə yaşatdığınız bu sevincə görə doğmalarım və dostlarım adından Sizə dərin minnətdarlığımı bildirirəm və əminəm ki, o mənzillərdən hər zaman sevinc-şadlıq səsi gələcək. Sizi hər zaman dəstəkləyir və sevirik. Tanrı Sizi qorusun!”

Yeni mənzilin sevincini yaşayanlardan biri də Əkbər Qoşalıdır. O, keçirdiyi hissləri və minnətdarlıq duyğularını belə ifadə edir: “Möhtərəm cənab Prezident, bizə bəxş etdiyiniz bu sevincə görə Sizə ürəkdolusu minnətdaram. Siz yalnız jurnalistlər üçün ev tikdirmirsiniz, Siz ümumən qurucu lidersiniz. Jurnalistlər evində yaşamağın mənəvi dəyəri maddi dəyərindən çox yüksəkdir. Biz Sizin jurnalistlərə qayğınızı, mediamızın inkişafını ölkəmizin ümumi inkişaf strategiyasının üzvi tərkib hissəsi kimi qəbul edirik. Sizin sərəncamlarınız, qəbul etdiyiniz proqramlar, verdiyiniz tapşırıqlar əsasında ayrı-ayrı sənət-peşə sahibləri, müharibə veteranları, şəhid ailələri, qaçqın və məcburi köçkün vətəndaşlarımız, sosial müdafiəyə ehtiyacı olan ailələr, gənclər, idmançılar evlə təmin olunur.

“Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair strateji yol xəritəsi”nin qəbulunu, Yasamal yaşayış kompleksinin tikintisini qeyd etmək yetərlidir ki, Sizin bu məsələyə nə qədər hərtərəfli yanaşdığınız bariz şəkildə görünsün. Beləliklə, paytaxtımızda daha 255 yeni mənzilin işığı yanacaq, neçə-neçə ailə kirayədən, yataqxanadan, hansısa ucqardakı təmirsiz mənzildən, sözün həqiqi mənasında, aydınlığa çıxacaq. Bunun memarı Sizsiniz, cənab Prezident! Bir daha Sizə könül dolusu minnətdarlığımızı yetirir, şərəfli işinizdə uğurlar diləyirəm!”

Prezidentə ünvanlanan məktubların müəllifləri arasında Sumqayıt sakini İndira Şəmsivari də var. O, 255 media işçisinin mənzillə təmin olunması xəbərini eşidəndə və bunu dostları ilə paylaşanda kövrəldiyini yazır. Təmənnasız mənzil alanların sevincinə şərik çıxır, dünyanın qlobal iqtisadi böhranla üzləşdiyi bir vaxtda bu xeyirxah təşəbbüsə görə dövlətimizin başçısına təşəkkürünü bildirir. “Əziz Prezidentimiz, Siz dünyada qüdrətli dövlətlərin öz vətəndaşına edə bilmədiyi xeyirxah işləri xalqınıza edirsiniz. Allah Sizi və sevdiklərinizi qorusun! Qəlbim fəxarətlə doludur. Bilirəm ki, Sizin kimi lideri Tanrı da sevir. Uca Yaradan Sizə yardımçı olsun!” - İndira Şəmsivari ürək sözlərini belə ifadə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.