REGİONLAR
Jurnalistlər seçki hüququ ilə bağlı maarifləndiriliblər
Mingəçevir, 18 dekabr, AZƏRTAC
Mingəçevir Media Mərkəzində “Seçki prosesində medianın məsuliyyəti” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, bölgədə fəaliyyət göstərən qəzet, informasiya agentliyi və televiziya jurnalistlərinin iştirakı ilə keçirilən tədbirdə Jurnalistlərin Həmkarlar İttifaqının sədri, ekspert Müşfiq Ələsgərli çıxış edərək Azərbaycanda seçkilərin şəffaflığının və demokratikliyinin təmin olunması üçün ötən illərdə uğurlu təcrübənin formalaşdığını bildirib. Qeyd edib ki, jurnalistlərin seçki prosesində bəzi çətinliklərlə üzləşmələri onların bu sahədə mövcud olan qanunvericiliyi lazımı səviyyədə bilməmələrindən irəli gəlir.
Bu baxımdan keçirilən tədbirlərin müstəsna əhəmiyyət daşıdığını vurğulayan ekspert Müşfiq Ələsgərli jurnalistlərin seçki prosesində müşahidəçi kimi iştirakının hüquqi əsasları barədə məlumat verib. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bununla əlaqədar hazırladığı kitabçanın əhəmiyyətindən danışıb.
M.Ələsgərli bildirib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra yerli özünüidarəetmə orqanları formalaşmağa başlayıb. Ona görə də vətəndaşlar hələlik bu sahədə təcrübəsi az olan bələdiyyə institutunun möhkəmləndirilməsi işində fəallıq göstərməlidirlər. Onlar bu sahədə fəallıq göstərmək üçün, eyni zamanda, bələdiyyələrin mahiyyəti barədə məlumatlı olmalıdırlar.
Diqqətə çatdırılıb ki, bələdiyyələrin bir institut olaraq formalaşmasında bütün ölkə vətəndaşları kimi, jurnalistlərin də üzərinə çox mühüm vəzifələr düşür. Jurnalistlər iki mərhələdə bələdiyyələrlə bağlı mühüm addımlar ata bilərlər. Birinci mərhələdə onlar bələdiyyələrin fəaliyyəti, mahiyyəti barədə il boyu müxtəlif yazılarla çıxış edib ölkə vətəndaşlarını məlumatlandırmaq imkanına malikdirlər. Həmçinin, birinci mərhələdə bələdiyyələrin faktiki fəaliyyətləri, onların qarşılaşdıqları problemlər, yaxud da öz səlahiyyətlərini nə dərəcədə yerinə yetirmələri ilə bağlı yazılar hazırlamaq da media qurumlarının daim diqqət mərkəzində olmalıdır.
Diqqətə çatdırılıb ki, ikinci mərhələdə isə jurnalistlər faktiki olaraq seçki günü müşahidəçilik missiyasını həyata keçirirlər. Bu, ilk növbədə jurnalistlərin informasiya əldə etməsi üçün mühüm hadisədir. Eyni zamanda onlar seçkilərin demokratik, ədalətli, şəffaf keçirilməsi barədə əhalini məlumatlandıra bilərlər. Bu da, şübhəsiz, əhalidə bələdiyyə institutlarına olan inamın artması üçün mühüm vasitədir.
Tədbirdə “Mingəçevir İşıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, jurnalist Seymur Verdizadə, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov və bölgə müxbirləri çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.