ELM VƏ TEXNOLOGİYA


Jurnalistlər üçün “Elmi təbliğ edək!” mövzusunda yay məktəbi keçirilib

A+ A

Şamaxı, 15 iyul, G.Məlikova, AZƏRTAC

İyulun 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında AMEA rəyasət heyəti aparatının ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin (İƏEPİ) təşkilatçılığı ilə “Science Activity-2016” mövzusunda yay məktəbi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün “Elmi təbliğ edək!” devizi altında keçirilən yay məktəbində ölkənin tanınmış media qurumlarının nümayəndələri iştirak ediblər.

Yay məktəbinin açılış mərasimində İƏEPİ-nin rəisi Zülfüqar Fərzəliyev Azərbaycan mətbuatının keçdiyi tarixi və şərəfli yoldan, onun inkişafının yeni mərhələsindən və mətbuata göstərilən dövlət qayğısından danışıb. AMEA-nın və Azərbaycan elminin sürətli inkişafından söz açan Z.Fərzəliyev bildirib ki, son dövrlərdə akademiyada həyata keçirilən islahatlar bu qurumun sosial-iqtisadi inkişafına, alimlərimizin elmi göstəricilərinin yüksəldilməsinə zəmin yaradır.

Qeyd olunub ki, bu gün cəmiyyətdə AMEA-nın və elmin təbliği, elmi istinad mədəniyyətinin formalaşdırılması istiqamətində də mühüm işlər görülür.

Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Azərbaycan astronomiya elminin inkişafında əhəmiyyətli rol oynayan Şamaxı Astrofizika Rəsədxanası barədə tədbir iştirakçılarına məlumat verib.

N.Cəlilov media işçiləri ilə akademiya və alimlər arasındakı sıx münasibətlərin əhəmiyyətini xüsusi qeyd edib. Rəsədxananın direktoru bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyətində inkişafa nail olmaq üçün kadr hazırlığı böyük əhəmiyyət daşıyır.

Akademiyanın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Səbuhi Qəhrəmanov yay məktəbi layihəsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, layihənin məqsədi AMEA-da elmin kütləvi təbliği istiqamətində səmərəliliyin artırılması, eyni zamanda, akademiya ilə jurnalistlər arasında əməkdaşlığın möhkəmləndirilməsidir. S.Qəhrəmanov akademiyada elmin populyarlaşdırılması siyasətinin icrası istiqamətində İƏEPİ-nin tərkibinə daxil olan şöbələrin fəaliyyəti haqqında təqdimatla çıxış edib.

Digər çıxış edənlər də layihənin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Sonra yay məktəbi çərçivəsində AzTV-nin ictimai-siyasi və xarici xəbərlər studiyasının direktoru, Bakı Slavyan Universitetinin dosenti Rövşən Məmmədov iştirakçılara jurnalistikanın nəzəri və praktik məsələlərinə dair aktual mövzular üzrə təlim keçib.

Təlim çərçivəsində yay məktəbinin iştirakçıları Şamaxı Astrofizika Rəsədxanasındakı elmi mərkəzlə də tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.